Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə Respublikası ProGen Tohum A.S. rəhbərliyi ilə əməkdaşlıq görüşü keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Türkiyə Respublikası ProGen Tohum A.S. ilə əməkdaşlıq istiqamətində birgə fəaliyyətə dair görüş keçirilib. 
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, institutun direktoru Faiq Xudayev, "İnformasiya təminatı və elmi nəticələrin tətbiqi"şöbəsinin müdiri Pərvanə Məmmədova, ProGen Tohum A.S. direktoru Aykut Özbuğday və istehsal üzrə direktor İsmail Abay iştirak ediblər. 
Görüş çərçivəsində İmran Cümşüdov xarici ölkələrdən, o cümlədən Türkiyədən buğda, arpa və s. sortların ölkəyə gətirilməsi və əksinə yerli sortlarımızın da xarici ölkələrdə sınaqdan keçirilməsi, kadr hazırlığı və s. istiqamətdə görülən işlərin və günün tələbi olaraq daha geniş miqyaslı olmaqla həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
F.Xudayev institutun tarixi, fəaliyyət istiqamətləri, mandata daxil olan bitkilər, elmi-tədqiqat işləri, tədqiqat prioritetləri, hədəflər və s. haqqında qonaqları məlumatlandırıb.
Aykut Özbuğday öz növbəsində ProGen Tohum A.S. tarixindən bəhs edib. Bildirib ki, bu gün Özbuğday Grup'u istehsal etdiyi toxumlarla atdığı imzanın qürurunu yaşayır. 70 ilə yaxın Türkiyənin kənd təsərrüfatına xidmət etməkdə olan Progen Tohum A.S. 1995-ci ildə 100% yerli sərmayə hesabına toxum emalı müəssisəsi quraraq bir ilkə imza atıb və “çiyit əkmə toxum ək” şuarı ilə kənd təsərrüfatında yeni bir dövr başladıb. Eləcə də dünyada 10-dan çox ölkəyə ixracat həyata keçirən, keyfiyyətli məhsulları ilə dünya toxum bazarında layiq olduğu yeri alan bir türk aqro texnologiya şirkəti kimi tanınıb. O, həmçinin toxumluq buğda, toxumluq arpa, soya toxumu və s. məhsulları haqqında da məlumat verib.
Əməkdaşlıq çərçivəsində aparılan müzakirələrdən sonra müqavilə hazırlanması və onlayn görüşün həyata keçirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb. Görüş iştirakçıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Dənin keyfiyyəti laboratoriyasına baxış keçirib və iş prinsipi ilə tanış olublar. Hər iki tərəf görüşün nəticələrindən məmnunluq duyduqlarını bildiriblər.
© 2020 Əkinçilik ETİ