Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun kollektivinə ağır itki üz verib!

   Azərbaycanın kənd təsərrüfatına və aqrar elminə öz töhfəsini vermiş aqrokimyaçı alim, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hacıməmmədov İmralı Mahmud oğlu dünyasını dəyişib. Hacıməmmədov İmralı Mahmud oğlu 1939-cu ildə Qazax rayonunun  Aslanbəyli kəndində kolxozçu ailəsində anadan olub. 1948-ci ildə Aslanbəyli kənd orta məktəbinə daxil olub, 1958-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurub. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqrokimya və Torpaqşünaslıq” fakultəsinə daxil olub və 1967-ci ildə həmin institutu bitirib. 1969-cu ildə əyani aspiranturaya daxil olaraq professor R.Q.Hüseynovun  rəhbərliyi altında “Qarabağ düzündə qatı və mürəkkəb gübrələrin payızlıq buğda bitkisinin azot mübadiləsinə və məhsuldarlığına təsiri” mövzusu üzrə dissertasiya işini müdafiə edərək 1972-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Müdafiə Şurasına təqdim edib. 1972-ci ildən etibarən Elmi-Tədqiqat Əkinçilik İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və 2009-cu ildən “Torpaq və bitki analizləri” laboratoriyasının müdiri vəzifəsində çalışıb. 81 məqalənin, 2 plakatın, 3 tövsiyənin, 4 kitabın, 1 analiz metodikasının müəllifi, 1 noxud və 1 qarğıdalı sortlarının müəlliflərindən biridir. 2001-2005-ci illərdə Dünya Bankının Azərbaycanda həyata keçirdiyi “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” layihəsi çərçivəsində icra edilən “Müsabiqəli Qrant Proqramı” nda iştirak edərək 2 layihənin yerinə yetirilməsinə rəhbərlik edib. Bu gün müəllifi olduğu “Torpağın əsas qida maddələrinin asan mənimsənilən formaları ilə təmin olunmasından asılı olaraq gübrə normalarının hesablanmasına dair tövsiyələr” və “Torpaq, bitki və gübrələrin aqrokimyəvi analiz üsulları” adlı elmi nəşrləri bir sıra Elmi-Tədqiqat İnstitutlarında, həmçinin universitetlərdə tədris olunur. Əkinçilik ET İnstitutunun “Torpaq və bitki analizləri” laboratoriyasında Azərbaycanın müxtəlif bölgələrində əkin sahələrindən götürülmüş torpaq nümunələrinin şörakətlilik dərəcəsinin, münbitliyinin və qida maddələrinin öyrənilməsində İ.Hacıməmmədovun misilsiz əməyi vardır. Göstərdiyi elmi xidmətlərə görə İ.Hacıməmmədov Azərbaycan Respublikası Prezidentinin 30.10.2018 tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
   Tanınmış aqrokimyaçı alim Hacıməmmədov İmralı Mahmud oğlunun əziz  xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır! Allah rəhmət eləsin!

© 2020 Əkinçilik ETİ