Xəbərlər

Əkinçilik ET İnstitutunun kollektivinə ağır itki üz verib

Əkinçilik ET İnstitutunun “İlkin toxumçuluq və toxumun keyfiyyəti” laboratoriyasının aparıcı elmi işçisi olmuş, aqrar elmləri üzrə fəlsəfə doktoru Ziyad Sayad oğlu Ellazov 83 yaşında dünyasını dəyişib.

O, 1938-ci il avqustun 7-də Qərbi Azərbaycanın Krasnoselsk rayonunun Çil kəndində kolxozçu ailəsində anadan olub. 1956-60-cı illərdə İrəvan Kənd Təsərrüfatı Texnikomunun aqronomluq fakültəsini bitirib. 1968-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib, alim-aqronom ixtisası üzrə Kənd Təsərrüfatı Nazirliyinin təyinatı ilə Əkinçilik ET İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.

Z.Ellazov 1971-ci ildə “Bitkiçilik” ixtisası üzrə əyani aspiranturaya qəbul olaraq elmi tədqiqatlarını davam etdirib. O, 1975-81-ci illərdə Əkinçilik ET İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında direktor vəzifəsində işləyib. 1981-ci ildə başa çatdırdığı elmi işi müvəffəqiyyətlə müdafiə edərək “Bitkiçilik” ixtisası üzrə kənd təsərrüfatı elimləri namizədi, alimlik dərəcəsi alıb, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. Z. Ellazov Kənd Təsərrüfat Nazirliyinin qərarı ilə Əkinçilk ET İnstitutunun nəzdində yaradılmış “Elit Elmi İstehsalat Birliyi” sədrinin müavini vəzifəsinsə işləməklə yanaşı, Respublika “Birlik” Cəmiyyətinin üzvü olaraq regionlarda taxılçılıq və toxumçuluqla məşğul olan təsərrüfatlarda elmi və praktiki tövsiyyələrlə çıxış edib, yeni yaradılmış taxıl sortlarının yayılmasında, toxumçuluğun təşkilində və toxumla təmin olunmasında koordinasiya yaratmış, təsərrüfatlarla müqavilə bağlayaraq hər il 10 minlərlə manat pul vəsaiti institutun hesabına köçürülüb.

Z.Ellazov 1983-cü ildən etibarən elmi mövzuya qoşularaq Tərtər və Cəlilabad BTS-də dənli bitkilərin becərilmə texnologiyasına dair elmi işlər aparıb, Cəlilabad BTS-də becərilən dənli bitkilərin ilkin toxumçuluq manqaları pitomniklərinin məsul icraçısı olmaqla yanaşı hər il respublikanın toxumçuluqla məşğul olan təsərrüfatlarında toxumluq əkin sahələrin aprobasiya olunmasında fəal iştirak edib, institutda fəaliyyət göstərdiyi vaxtdan dənli bitkilərdən yüksək məhsul alınmasını təmin edən becərmə texnologiyalarının işlənib-hazırlanması və fermer təsərrüfatlarında tətbiq edilməsinə dair bir neçə mövzuların əsas icraçısı olub. O, apardığı elmi işlərin nəticələri barədə Respublikada, Zaqafqaziyada, Rusiya və digər ölkələrin elmi konfranslarında məruzələr edib, elmi axtarışların məntiqi nəticələri onun 35 elmi əsərində öz əksini tapıb. O, Dünya Bankının dəstəyi ilə Respublika Kənd Təsərrüfatı Nazirliyində yaradılmış “Özəl Bölmənin İnkişafına Yardım Agentliyi”nin xətti ilə 2 il Salyan rayonunun “Şəfəq” pilot təsərrüfatında yerli və dəvət olunmuş fermerlər qarşısında taxılçılığın və toxumçuluğun inkişafına dair elmi və praktiki məruzələrlə çıxış edib, fermerlərə tövsiyələr verib və qrant layihəsinin icraçısı olub.

Z.Ellazov elmi fəaliyyəti ilə yanaşı fermerlərə kömək məqsədi ilə 2002-2004-cü illərdə sahibkarların, fermerlərin keyfiyyətli məhsul və kondisiyalı toxum istehsal etmələri üçün “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi Layihəsi”nin Müsabiqəli Qrantlar Proqramı çərçivəsində 2 il Qobustanda həyata keçirilən Qrant Layihəsinin icraçısı olub.

Z.Ellazov İnstitutun Cəlilabad BTS-də və Abşerondakı təcrübə bazalarında becərilən dənli bitki sortlarının ilkin toxumçuluq manqalarının iştirakçısı kimi fəaliyyət göstərib. Z.Ellazov öz əməksevərliyi və zəhmətkeşliyi ilə uzun müddət işlədiyi Əkinçilik ET İnstitutunun kollektivinin dərin hörmət və rəğbətini qazanıb.

Aqrar elmləri üzrə fəlsəfə doktoru Ziyad Sayad oğlu Ellazovun əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır! Allah rəhmət eləsin!

© 2020 Əkinçilik ETİ