Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun kollektivinə ağır itki üz verib

İnstitutun Qobustan Bölgə Təcrübə Stansiyasının əməkdaşı olmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işcisi” fəxri ada layiq görülüb, seleksiyaçı-toxumçu alim, əsl elm fədaisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Baba Mirzalı oğlu Əhmədov 86 yaşında dünyasını dəyişib.
B.M.Əhmədov uzun illər Qobustan BTS-da “Seleksiya” şöbəsinə rəhbərlik edib, arpa və buğdanın seleksiyası üzrə tədqiqat işlərini layiqincə yerinə yetirib. Hər il institut tərəfindən alınmış hibrid nəsilərin təmin olunmamış dəmyə şəraitində sınaqlarının aparılması, yerli şəraitə adaptasiya olunan perspektiv xətlərin seçilməsi və müxtəlif stess amillərinə davamlı, yüksək məhsuldar, keyfiyyətli buğda və arpa sortlarının yaradılmasında yorulmaz fəaliyyət göstərməklə yanaşı, gənc nəslə öz fədakar əməyi ilə örnək olub. 50 ildən artıq olan elmi fəaliyyəti dövründə əhatəli tədqiqat işləri aparıb, mühüm elmi nəticələr əldə edib. İki arpa “Dəyanətli” və “Qüdrətli-48”, bir buğda “Baba 75” sortlarının müəllifidir. Müəllifi olduğu arpa sortları rayonlaşdırılaraq Respublikada geniş əkin sahələrinə malikdir. 
Bitkiçilik, seleksiya və toxumçuluğa dair 22 elmi məqalələrin müəllifidir. Dənli, dənli-paxlalı və digər kənd təsərrüfatı bitkilərinin seleksiyası, toxumçuluğunun inkişaf etdirilməsi sahəsində elmi-tədqiqat işləri aparıb. Elmi müəssisələrin nəzəri elmi-tədqiqat işlərinin istehsalata tətbiq edilməsində, yerli və introduksiya olunmuş rüşeym plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni bitki sortlarının yaradılmasında, torpaq-iqlim şəraitinin müxtəlifliyinə zəif reaksiya göstərən daha plastik sortların müəyyənləşdirilməsi üçün eyniləşdirilmiş ekoloji sort sınaqların keçirilməsin əhəmiyyətli dərəcədə rolu olub. 
Yaz əkinlərinin aparılmasının və nəticədə qənaətbəxş məhsulun əldə olunmasının mümkünlüyünü nəzərə alıb, buğda genotiplərinin "həyat tərzinin" öyrənilməsi, buğda genomunun rekonstruksiyasında növlərarası hibridləşmədən geniş istifadənin təmin edilməsi, buğdalarda növ müxtəlifliyinin botaniki təsnifatını təyin edən əlamətlərin genetik cəhətdən təhlili, hər bir növmüxtəlifliyi daxilində mümkün olan genotiplərin aşkar edilməsi və s. elmi-tədqiqat işlərində fəal iştirak edib. Zəngin təcrübə və biliyi ilə yeni elmi kadrların yetişməsində müstəsna xidmətləri olub.
B.M.Əhmədov öz fədakar əməyi, həssas, qayğıkeş yoldaşlığı və prinsipial vətəndaşlıq mövqeyi ilə kollektivin hörmətini qazanıb. Gözəl insan, istedadlı və tanınmış alim, aqrar elmləri üzrə fəlsəfə doktoru Baba Mirzalı oğlu Əhmədovun əziz xatirəsi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun kollektivinin qəlbində daim yaşayacaq!
Allah rəhmət eləsin!
© 2020 Əkinçilik ETİ