Xəbərlər

Əkinçilik ETİ Qəbələ rayonunda keçirilən Aqrar Biznes Festivalında iştirak edib

Qəbələ rayonu Qəbələ “ASAN xidmət” mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib. Festivalda KTN-nin tabeli qurumları, o cümlədən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) nümayəndələri, dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər, mütəxəssislər, həmçinin respublikanın bir çox rayonlarından olan fermerlər iştirak ediblər.

Bölgələrdə təşkil edilən bu festivalların əsas məqsədi aqrar sahənin innovativ əsaslarla inkişaf etdirilməsi, texnoloji yeniliklərin təşviqi üzrə dəstək xidmətinin həyata keçirilməsi və kənd təsərrüfatı məhsul istehsalçılarının innovasiyalara əlçatanlığının təmin edilməsidir.

Tədbirdə çıxış edən natiqlər tərəfindən fermerlərin maarifləndirilməsi istiqamətində bu kimi tədbirlərin əhəmiyyətindən bəhs olunub. Kənd təsərrüfatı istehsalçılarının aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən festivallarda əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.
Festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər fermerlər üçün qabaqcıl kənd təsərrüfatı təcrübələrini bölüşüblər.

Festivalın sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, yeni suvarma texnologiyaları və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları sərgilənib. O cümlədən Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarının ən son nailiyyətləri nümayiş olunub və festival iştirakçıları nazirliyin tabeli qurumlarının fəaliyyət istiqamətləri ilə bağlı məlumatlandırılıb.

Tədbirdə ƏETİ tərəfindən institutun mandatına daxil olan bitki nümunələrinin toxumları, yumşaq və bərk buğda, arpa, vələmir, çəltik, çovdar, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras, məlumatlandırıcı bukletlər, tövsiyyələr, kitablar və digər nümunələr nümayiş olunub.

© 2020 Əkinçilik ETİ