Xəbərlər

Tezyetişən arpa sortlarının yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılır

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının aparıcı elmi işçi Şamama Kərimova tərəfindən institutun tabeliyində fəaliyyət göstərən Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) mövzu planına uyğun olaraq “Nəmliklə az təmin olunmuş dəmyə bölgələrdə becərmək üçün quraqlığa tolerantlı, yüksək keyfiyyət və məhsuldarlığa malik tezyetişən arpa sortlarının yaradılması, ilkin toxumçuluğunun təşkili və tətbiqi” işi üzrə elmi-tədqiqatlar aparılır. Tədqiqatlar çərçivəsində dəmyə şəraitində arpanın seleksiya və kolleksiya pitomniklərində əsas yarpaq ləkə хəstəliklərinin ilkin hesabatı aparılıb, Qobustan BTS-in əməkdaşları ilə birlikdə arpa sahəsinə baxış keçirilib və müzakirələr edilib.

Arpa sahəsində Müsabiqəli Sort Sınağı pitomnikində 10 nümunə 3 təkrarda, nəzarət-1 pitomnikində 9 ədəd nümunə 2 təkrarda, nəzarət-2 pitomnikində isə 25 nümunə 3 təkrarda qiymətləndirilib. Arpa sahəsində əsasən tünd qonur,  zolaqlı helmintosporioz, unlu şeh və rinxosporioz xəstəlikləri müşahidə edilib. MSS-da helmintosporioz 8 nümunədə 5-7 bal intervalında, unlu şeh isə 4 nümunədə 5-6 bal səviyyəsində sirayətlənib. Nəzarət-1 pitomnikində 9 nümunənin 8-i helmintosporiozla 5-7 bal arasında yoluxub, yalnız 1 nümunə 3 bal səviyyəsində orta davamlı olub. Rinxosporioz xəstəliyi ilə 4 nümunə 3-4 bal arasında orta davamlılıq göstərib. Nəzarət-2 pitomnikində olan 25 nümunənin 13-də helmintosporioz xəstəliyi 5-7 bal intervalında həssas və orta həssas, unlu şehlə 6 ədəd nümunə 5-7 bal arasında həssas və orta həssas, rinxosporiozla 1 nümunə 5 bal səviyyəsində orta həssas olub. Tədqiqatın aparıldığı müddətdə digər yayılan xəstəliklərin təkrar hesabatları qeyd ediləcək.

© 2020 Əkinçilik ETİ