Xəbərlər

Zaqatalada tütünçülüyə həsr edilmiş təlim-seminarı keçirildi

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Zaqatala Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə 02 oktyabr 2019-cu il tarixdə Zaqatalada “Şəki-Zaqatala bölgəsində tütünçülüyün inkişaf perspektivləri və onların həlli yolları”na həsr edilmiş təlim-seminarı keçirilib. Seminarda Əkinçilik ET İnstitutunun alim və mütəxəssisləri ilə yanaşı, Zaqatala DAİM-in rəhbər və mütəxəssisləri, bölgənin tütünçülüklə məşğul olan fermerləri, respublikada tütünün istehsalı və emalı ilə məşğul olan şirkətlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Zaqatala DAİM-in direktoru Xalis Mahalov kənd təsərrüfatının, xüsusən də onun tütünçülük sahəsinin ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğunu, ümumi tütün əkinlərinin 90%-dən çoxunun Şəki-Zaqatala iqtisadi rayonun payına düşdüyünü, cari təsərrüfat ilində Zaqatala rayonunda tütün əkini sahələrinin mövcud vəziyyəti, problemləri, bu sahədə qarşıda duran həlli vacib məsələlərə toxundu. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai “Azərbaycanda tütünçülüyün elmi əsaslarla inkişaf etdirilməsində Əkinçilik ET İnstitutunun qarşısında duran vəzifələr” mövzusunda çıxış etdi. O, çıxışında Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramında təsbit edilmiş tədbirlər planında İnstitutun qarşısında duran vəzifələrə, tütünçülük sahəsinin strateji istiqamətləri, tədqiqat prioritetləri, Əkinçilik ET İnstitutu ilə “Azərtütün ASK” MMC və Fransanın Berjerak Toxum və Seleksiya Şirkəti arasında bağlanılmış elmi əməkdaşlığa dair müqavilələrin müddəalarına toxundu.

“Azərtütün ASK” MMC-nin direktoru Cavid Ağamalıyev Azərbaycan Sənaye Korporasiyasına daxil olan “Azərtütün ASK” MMC-nin respublikanın şimal-qərb rayonlarında bazarın tələbinə uyğun olaraq əsasən ətirli “Virciniya” tipli tütün sortlarına daha çox üstünlük verdiyini, hazırkı dövrə qədər istehsal olunan  quru tütünün qəbulu, keyfiyyəti, təmsil etdiyi qurumun Şəki-Zaqatala iqtisadi rayonunda tütün emalı müəssisələrinin rəqabətqabiliyyətli tütün məhsulu istehsalındakı fəaliyyəti, tütünün tədarükü ilə əlaqədar fermerlərlə bağlanılmış müqavilələrdən və s. haqqında danışdı.

Tədbirin proqramına uyğun olaraq Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov “Zaqatala Bölgə Təcrübə Stansiyasında tütünçülük üzrə aparılan elmi və təcrübi işlər”, Əkinçilik ET İnstitutunun aparıcı elmi işçisi, tütünçü alim Bəhlul Abbasov Əkinçilik ET İnstitutunda “tütünün seleksiyası və ilkin toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi”, böyük elmi işçisi Qabil Kazımov “Virciniya və Berley tipli tütün sortlarından yüksək keyfiyyətli məhsul alınmasını təmin edən mütərəqqi becərmə üsullarının əhəmiyyəti” mövzularında çıxışları oldu.

Konfrans öz işini Zaqatala Bölgə Təcrübə Stansiyasında tarla şəraitində davam etdi. Burada onlar yerli və xarici tütün sortlarının nümayiş əkinləri ilə tanış oldular. Konfrans konstruktiv şəraitdə keçdi, mövzu ətrafında geniş müzakirələr aparıldı, problemlər dinlənildi və fermerlərin sualları ətraflı cavablandırıldı.  

© 2020 Əkinçilik ETİ