Xəbərlər

Ağdaşda otlaqların yaxşılaşdırılmasına həsr edilmiş təlim-seminarı keçirildi

Əkinçilik Elmi-Tədqiqat İnstitutu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin birgə təşkilatçılığı ilə 11 oktyabr 2019-cu il tarixdə «Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi» (GCP/AZE/007/GF) layihəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bərdə regional Meşə Mühafizəsi İdarəsinin Ağdaş rayonunun ərazisində olan meşə massivlərinə təzyiqin azaldılması və heyvandarlığın yem bazasının möhkəmləndirilməsi üçün Ərəbşəki kəndində «Heyvandarlığı yüksək qidalı yemlə təmin edən otlaqaltı torpaqların yaxşılaşdırılması və məhsuldar otlaq sahələrinin yaradılması» mövzusunda təlim seminarı keçirildi. Tədbirdə Əkinçilik ET İnstitutunun alim və mütəxəssisləri ilə yanaşı, FAO, Ağdaş DAİM, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, heyvandarlıqla məşğul olan fermerlər iştirak edirdilər.

Seminarı giriş sözü ilə açan Ağdaş DAİM-in direktoru Fərhad Əliyev ölkə Prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyyatının strateji sahəsi olan, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan aqrar sektorun dinamik və dayanıqlı inkişafına göstərdiyi böyük qayğıdan və Strateji Yol Xəritəsində bu sahənin inkişafının prioritet istiqamətlərindən, heyvandarlığın yem təminatının yaxşılaşdırılmasında belə layihələrin vacibliyindən danışdı.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai respublikada aqrar sahədə həyata keçirilən dövlət proqramları çərçivəsində qarşıda duran vəzifələrə, institutda otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi istiqamətlərində aparılan tədqiqat işlərinin nəticələrinə, belə layihələrin biomüxtəlifliyin qorunması ilə yanaşı heyvandarlığın yem bazasının möhkəmləndirilməsində, elmi-tədqiqat müəssisələri ilə fermerlər arasında işgüzar münasibətlərin yaranmasında, kənd yerlərində insanların rifah halının yüksəldilməsində böyük rol oynadığına toxundu.

Meşə idarəsinin baş meşəbəyi, layihənin yerli əlaqələndiricisi Ramin Lətifov layihənin ərazidə meşələrin mühafizəsində, torpaqların münbitliyinin artırılmasındakı müstəsna rolunu və Əkinçilik ET İnstitutu əməkdaşlarının peşəkar fəaliyyətini xüsusi olaraq vurğuladı.

Seminarın proqramına uyğun olaraq Əkinçilik ET İnstitutunun direktor müavini, otlaqların bərpası işlərinin aparılmasına dəstək məqsədilə yaradılmış işçi qrupunun rəhbəri Atif Zamanov «Otlaqların yaxşılaşdırılması və bərpasında keyfiyyətli otlaq yeminin alınmasını təmin edən yaxşılaşdırma texnologiyalarının əsasları», institutun şöbə müdiri, FAO layihəsində otlaqların bərpası üzrə milli ekspert Rasib Zeynalov «Meşə ekosisteminə təzyiqin azaldılması üşün az məhsuldar otlaq sahələrinin yaxşılaşdırılmasının əhəmiyyəti» mövzularında çıxış etdilər. Onlar çıxışlarında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Əkinçilik ET İnstitutu arasında «Otlaqların bərpası işlərinin aparılmasına dəstək» məqsədilə bağlanmış Saziş Müqaviləsinə əsasən Əkinçilik ET İnstitutunun otlaqların bərpası üzrə pilot rayon olaraq Ağdaşda 50 hektar otlaq sahəsində görülən əsaslı və səthi yaxşılaşdırma işləri barədə seminar iştirakçılarına ətraflı məlumat verdilər.

Tədbir konstruktiv şəraitdə keçdi, seminar iştirakçılarına otlaqların yaxşılaşdırılması, səmərəli istifadəsi və davamlı idarə edilməsi barədə praktiki bilgilər verildi, mövzu ətrafında geniş müzakirələr aparıldı, fermerlərin sualları ətraflı cavablandırıldı.

Sonda əsaslı və səthi yaxşılaşdırılmış otlaq sahələrinə baxış keçirildi.

© 2020 Əkinçilik ETİ