Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları Oğuzda keçirilən tütünçülüyə həsr edilmiş respublika müşavirəsində iştirak etdilər

25 oktyabr 2019-cu il tarixində Oğuz rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Tütünçülük-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, respublikamızın 13 rayonunda tütün istehsalı ilə məşğul olan 200-dən çox fermer iştirak edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir.

Nazir çıxışında Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Müşavirədə tütünçülüyün problemləri ilə əlaqədar Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai,  aparıcı elmi işçi Bəhlul Abbasov və Şəki DM-in direktoru Məclum Şükürov çıxış etdilər.

Müşavirədə tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

© 2020 Əkinçilik ETİ