Xəbərlər

Beynəlxalq ekspert tərəfindən Əkinçilik ET İnstitutunda “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” adlı layihə çərçivəsində təlimlər keçirilir

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Dünya bankı və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə birgə həyata keçirilən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” adlı layihə çərçivəsində beynəlxalq ekspert Arne Hede 5 noyabr 2019 tarixində Əkinçilik ET İnstitutunda oldu. Rəhbərlik və mütəxəssislərlə görüş keçirildi. O, bildirdi ki, institutun Qobustan, Tərtər BTS və Şəki DM-də təcrübə sahələrinə baxış keçirib, elmi əməkdaşlarla layihə çərçivəsində söhbət aparıb. Arne Hede institutun mandatına daxil olan, elmi tədqiqat işi aparılan bitkilərlə bağlı mütəxəssislər tərəfindən ətraflı olaraq məlumatlandırıldı və hədəflərlə maraqlandı. Bildirdi ki, mütəxəssislər təlimlərdə müasir bitki seleksiyasını əhatə edən aktual məsələlərə aid bilgilər əldə edəcəklər. O, layihənin məqsədi haqqında da ətraflı olaraq məlumat verdi.

6-8 noyabr tarixlərində keçirilməli olan təlimin birinci günü institutun direktoru Cavanşir Təlai Arne Hedeni və layihənin koordinatoru Nəzakət İsmayılzadəni kollektiv adından səmimi olaraq salamladı və onun fəaliyyətinin ilk günlərindən bu günə kimi gördüyü işlərdən, elmi tədqiqatların aparılmasında layihənin əhəmiyyətindən bəhs etdi. C.Təlai həmçinin bildirdi ki, ilk dəfə olaraq 2003-cü ildə Arne Hede akademik Cəlal Əliyev tərəfindən peşəkar seleksiyaçı kimi dəvət olunub. Üç gün ərzində keçiriləcək təlimlərdə Arne Hede ənənəvi seleksiya əsasında qurulmalı olan müasir seleksiya, müasir yanaşma metodları, müasir tələblərə cavab verəcək tədqiqat işlərinin istiqaməti, beynəlxalq təcrübələr və s.məsələlər haqqında fikirlərini bölüşəcək.

Beynəlxalq ekspert Arne Hede “Müasir bitki seleksiyası iqlim dəyişkənliyi kontekstində” mövzusunda təqdimatla cıxış etdi. O, nə üçün bitki seleksiyası, dünya əhalisinin təkamülü, adambaşına düşən əkin sahəsi, məhsuldarlığın artırılması, müxtəlif ölkələrdə buğda məhsulu, Norman Borlauq - «Yaşıl inqilabın atası», bitki seleksiyası, iqlim dəyişikliyi, iqlim dəyişikliyinə həssaslıq, Azərbaycan Respublikasında iqlim dəyişikliyi və kənd təsərrüfatı, nə üçün iqlim dəyişikliyi geniş adaptasiya tələb edir, geniş adaptasiya əhatəli olduğu qədər də müvəqqətidir, buğda iqlim dəyişkənliyinə qarşı dözümlü ola bilərmi, iqlim dəyişkənliyi üzrə dövlətlərarası komitənin xüsusi hesabatı, 21-ci əsrdə iqlim dəyişkənliyi proqnozu, Afrika kənd təsərrüfatına iqlim dəyişikliyinin təsiri (Schlenker and Lobell 2010) və s. məsələlər üzrə geniş məlumatlar verdi. Bitki seleksiyasının iqlim dəyişkənliyinin nəticələrinin yüngülləşdirilməsində və adaptasiya olunmasında mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırdı.

Layihənin bitki sağlamlığı üzrə mütəxəssisi Nəzakət İsmayılzadə layihə çərçivəsində görülən işlər barədə məlumat verdi. Təlim müddətində müəyyən fikirlər üzrə diskussiyalar aparıldı. İştirakçıların sualları cavablandırıldı. Təlimdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Bitki Mühafizəsi və Texniki bitkilər ET institutunun, AMEA Genetik ehtiyyatlar İnstitutunun əməkdaşları iştirak  edirdilər. “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” adlı layihə çərçivəsində təlimlər davam etməkdədir.

 

 

 

 

 

© 2020 Əkinçilik ETİ