Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyinin gənc alim və mütəxəsisləri birgə əməkdaşlıq memorandumu imzaladılar

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası cari ilin 10 dekabr tarixində “Gənc alim və mütəxəssislərin əməkdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda elmi-praktiki konfrans keçirdi. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov, AEİM Gənc Alim və Mütəxəssislər Şurasının sədri, şöbə müdiri Faiq Xudayev və Əkinçilik ETİ, Üzümçülük və Şərabçılıq ETİ, Tərəvəzçilik ETİ, Meyvəçilik və Çayçılıq ETİ, Baytarlıq ET İnstitutlarının gənc alim və mütəxəsisləri iştirak etdilər.  Əkinçilik ET İnstitutunu konfransda Gənc Alim və Mütəxəsislər Şurasının sədri, “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova, “Torpaq və bitki analizləri” və “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyalarının kiçik elmi işçiləri Rəhilə İslamzadə və Azadə Nəsibli təmsil etdilər. İştrakçılar öncə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şöbə və laboratoriyaları ilə tanış oldular, daha sonra rəsmi hissəyə keçid oldu. Konfransı giriş sözü ilə AMEA-nın Torpaqşunaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev açdı. Hər kəsə tədbirə dəvəti qəbul edib gəldikləri üçün təşəkkür etdi və bildirdi ki, gənclər innovativ dünyanın təməlidirlər, yaşlı nəslin cavanlara böyük ümidləri vardır. Ona görə də ümidləri doğrultmaq üçün gənclərə uğurlar dilədi. Daha sonra giriş sözü ilə KTN-nin Aqrar Elm və İnnovasiya Mərkəzinin təmsilçiləri direktor müavini Fərman Quliyev, şöbə müdiri Faiq Xudayev və AMEA-nın Gənc Alim və Mütəxəsislər Şurasının sədri Famin Salmanov cıxış etdilər. Onlar AMEA və KTN institutlarının gənc mütəxəssislərinin birgə əməkdaşlıq əlaqələrinin qurulması üçün təşkil edilən konfrans təşəbüsünü alqışladıqlarını bildirdilər. Gənclərin gələcəkdə qeyri neft sektorunun inkişafı üçün yeni düşüncə və ideyaları birləşdirərək həyata keçirmək lazım olduğunu vurğuladılar. Daha sonra söz məruzəçilərə verildi. Əkinçilik ET İnstitutundan doktorant Rəhilə İslamzadə “Dəmyə şəraitində dənli bitkilər üçün səmərəli gübrə normalarının müəyyənləşdirilməsi və fermer təsərrüfatlarına tövsiyə edilməsi” adlı məruzə ilə çıxış etdi. Bütün məruzələr maraqla qarşılandı və geniş müzakirə edildi.

Konfransda Torpaqşunaslıq və Aqrokimya İnstitutu ilə Əkinçilik ETİ və Üzümçülük və Şərabçılıq ET institutlarının Gənc Alimlər Şuraları arasında ikitərəfli müqavilə imzalandı. Əkinçilik ETİ GAMŞ-nın sədri H.Məmmədova çıxışı zamanı imzalanmış sənədin əhəmiyyətini vurğuladı. O, bildirdi ki, bu memorandumun hər iki institutun gənc doktorantlarının tədqiqat işlərində torpaq analizlərinin, ortaq layihələrdə müştərək işlərin aparılmasında böyük əhəmiyyət kəsb edəcəyinə inanır və ümid edir ki, bundan sonra AMEA-nın və KTN-nin elmi tədqiqat institutlarının gənc alimləri daha sıx əməkdaşlıq əlaqələri quracaqlar. Sonda məruzəçilərə sertifikatlar təqdim olundu və xatirə şəkilləri çəkildi.

 

 

 

© 2020 Əkinçilik ETİ