Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları türkiyəli ekspert tərəfindən keçirilən beynəlxalq seminarda iştirak etdilər

09-13.12.2019 tarixlərində Tərəvəzçilik ET İnstitutunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Mərkəzi Asiya kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsi çərçivəsində Türkiyənin Üzvi Kənd Təsərrüfatının Təşkili Assosiasiyasının idarə heyətinin sədri Uyğun Aksoy tərəfindən “Üzvi kənd təsərrüfatı” mövzusunda seminar keçirildi. 

Seminarda Əkinçilik ET İnstitutunun əməkdaşları ilə yanaşı Tərəvəzçilik ET İnstitutu, Üzümçülük və Şərabçılıq ET İnstitutu, AMEA Genetik Ehtiyatlar İnstitutu Aqrar Xidmətlər Agentliyinin əməkdaşları iştirak edirdilər.

Uyğun Aksoy üzvi kənd təsərrüfatının ümumi anlayışları, tətbiq olunan texnologiyalar, standartlar, təftiş və sertifikatlaşdırma ilə bağlı nəzəriyyə və təcrübə, tədqiqat, yayım-məsləhət xidməti və s. haqqında təqdimatla çıxış etdi.O, seminar iştirakçılarına davamlı idarə etmə sistemi kimi üzvi kənd təsərrüfatının rolu, dünyada və Azərbaycanda üzvi kənd təsərrüfatının vəziyyəti, kənd təsərrüfatında mövcud olan müasir çətinliklər barədə geniş məlumat verdi.

Beynəlxalq ekspert iştirakçılarla üzvi təsərrüfatların idarəçiliyində əsas prinsiplər və təcrübələr, üzvi məhsulların satışa çıxarılması və aparıcı bazarlar, benəlxalq və milli standartlar, torpaq münbitliyinin idarə edilməsi, üzvi əkinçilikdə məhsulun inteqrasiyalı idarəçiliyi və icazə verilən mühafizə vasitələri, yabanı yığım, arıçılıq, yığım sonrası işlər və emal, təftiş, sertifikatlaşdırma və akkreditasiya, üzvi kənd təsərrüfatı yaratmaq üçün fermanın və sahənin planlaması məşğələsi, üzvi heyvandarlıq, davamlı sistemlər və üzvi kənd təsərrüfatı ilə bağlı ictimaiyyətə açıq məlumat mənbələrinə dair mövzular ətrafında bilik və təcrübəsini bölüşdü.

Sonra fermerlərin üzvi əkinçiliyə keçidi, təftiş və sertifikatlaşmaya hazırlanması, üzvi məhsullar üçün bazarın inkişaf etdirilməsi, yerli bazar, idxal, həmçinin regionların, bitkilərin yaxud fermerlərin və eləcə də bazarların prioritetləşdirilməsi ilə bağlı qrup işləri təşkil olundu.

Seminar iştirakçıları Tərəvəzçilik ET İnstitutunun üzvi kənd təsərrüfatı istiqamətində gördüyü işlərlə tanışlıq məqsədilə müasir avadanlıq və cihazlarla təchiz olunmuş şöbə və laboratoriyalarla tanış oldular. Sonda Azərbaycanda üzvi kənd təsərrüfatının inkişaf etdirilməsi mövzusunda müzakirələr aparıldı və təlimin qiymətləndirilməsi prosesi həyata keçirildi.

 

© 2020 Əkinçilik ETİ