Xəbərlər

Əkinçilik ET İnstitutunun rəhbərliyi Fransanın Luare Kənd Təsərrüfatı Palatasının nümayəndələri ilə birlikdə Meyvəçilik və Çayçılıq ET İnstitutunda olublar

Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev, direktor müavini Atif Zamanov və institutun əməkdaşı Seyfulla Hüseynov Fransanın Luare Kənd Təsərrüfatı Palatasının nümayəndələri ilə birlikdə Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq ET İnstitutunda olublar. Görüşdə Quba Regional Aqrar Elm Mərkəzinin Fransanın Luare Kənd Təsərrüfatı Palatası ilə birlikdə “Dənli bitkilər” layihəsini həyata keçirdiyi vurğulanıb. Layihə çərçivəsində Xaçmaz rayonunda, eləcə də Meyvəçilik və Çayçılıq ET İnstitutunun təcrübə sahəsində ümumilikdə 65 hektar sahədə yumşaq buğdanın “Renan” və “Barok” sortları və 30 hektar sahədə arpanın “Ramata” sortu əkilib. Əkinçilik ET İnstitutunun tərəfdaşlığı ilə reallaşan layihənin əsas məqsədi yeni sortların üstünlüklərini yerli sortlarla müqayisəli şəkildə tədqiq etməkdir. Sonra Fransadan gətirilən sortların əkin sahələrinə və institutun təcrübə sahələrinə baxış keçirilib. Bildirilib ki, Fransadan Azərbaycana yeni buğda və arpa sortları gətirilərək yerli torpaq iqlim şəraitinə uyğunlaşmasının sınaqdan keçirilməsi, gələcəkdə ölkəmizdə taxıl istehsalının artırılmasına dəstək məqsədi daşıyır.

Meyvəçilik və Çayçılıq ET İnstitutu ilə Əkinçilik ET İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən iki qurum arasında birgə kadr hazırlığı, elmi-tədqiqat işlərinin aparılması və eləcə də elmi-praktiki konfransların təşkili sahəsində birgə layihələr həyata keçiriləcək.

 

© 2020 Əkinçilik ETİ