Xəbərlər

Beyləqan rayonunda yeni yaradılan yonca sortlarının sınaq əkini həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşəbbüsü ilə Beyləqan rayonunda yerli iqlim şəraitinə uyğun toxum növlərinin müəyyən olunması və daha məhsuldar toxumlar əldə edilməsi məqsədilə yeni yaradılan xarici və yerli sortlardan ibarət yonca sortlarının sınaq əkini həyata keçirilib.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev diqqətə çatdırıb ki, respublikada yem bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir ki, burada əsas məqsəd bölgələrdə yeni sortların, texnologiyaların tətbiqi və onların nümayişidir. Əsas şərt isə əldə edilən yerli sortların yerli iqlim şəraitinə uyğunlaşdırılması, xəstəliyə dözümlü olmasıdır. Bu məqsədlə Beyləqan rayonunda 13 sortdan ibarət yerli və xarici yonca növü toxumu sınaq üçün əkilib (yerli sortlar: Saatlı, Ağstafa 1, Yemçilik 16, abşeron, Aran, Xaşa AzNİİKLİP-495; xariçi sortlar: Celtico,Gentral, Premoriacco, Claudio, Marmilla). Həyata keçirilən layihə yem məhsullarına olan tələbatı daxili imkanlar hesabına ödəməkdə və fermerlərin toxum seçimləri üçün daha çox imkan yarada bilər.

Laboratoriya müdiri Sevil Abbasquliyeva bildirib ki, sınaq üçün əkilən toxumlardan 4 növü yerli sortlardır. Bunlar institut əməkdaşları tərəfindən yaradılıb. Həmçinin doqquz sort da sınaqdan çıxarılacaq və bu toxumlar xarici sortlar arasından seçilərək götürülüb. Gələcəkdə isə potensial məhsuldarlığa malik olan xarici sortların yerli sortlarla hibridləşdirilməsi nəzərdə tutulub.

Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Mirağa Kazımov söyləyib ki, bu kimi yeniliklər mütəmadi olaraq həyata keçirilir. Hazırda yonca toxumlarının sınaq əkini üçün Beyləqanda 2 hektar ərazi ayrılıb. Yeni yaradılan sortların əkinində innovativ üsul istifadə olunur.

Yeni yaradılan yonca sortlarının sınaq əkinindən sonra sahəyə baxış keçirilib, fikir mübadiləsi aparılıb.

© 2020 Əkinçilik ETİ