Xəbərlər

Kapsullaşdırma üsulu ilə müxtəlif stress şəraitinə davamlı toxumların alınması

Məlumdur ki, bitkilərin normal inkişafı, intensiv böyüməsi, həmçinin bitkinin məhsuldarlığı, əkilən toxumların keyfiyyətindən birbaşa asılıdır. Buna görə də, toxum cücərmə fiziologiyasının müxtəlif aspektlərinin öyrənilməsi, əkindən əvvəl toxumların keyfiyyətinin yüksəldilməsi üçün effektiv metodların işlənməsi böyük əhəmiyyət kəsb edir.

Ölkəmizdə toxumçuluğun inkişafı dövlət tərəfindən xüsusi diqqət yetirilən, prioritet istiqamətlərdən biridir.

Bunu nəzərə alaraq, Əkinçilik Elmi-Tədqiqat  İnstitutunun əməkdaşları toxumçuluq sənayesinin inkişafına yönəlmiş, yeni innovativ texnologiyalardan istifadə etməklə, bitki məhsuldarlığının artırılması, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində elmi-tədqiqatişləri aparıblar.

Təqdim olunan elmi iş çərçivəsində təklif olunan kapsullaşma üsulu, toxumların səpindən əvvəl keyfiyyətlərini artırmağa, rüşeymlərin sürətlə böyüməsi və inkişafı zamanı fizioloji və biokimyəvi proseslərin stimullaşdırılmasına, keyfiyyətlərini itirmədən toxumların uzun müddət saxlanmasını təmin etməyə, cücərtilərin aşağı temperatur, yüksək rütubət və patogen mikroorqanizmlərə qarşı müqavimətinin artırılmasına yönəlmişdir. Alınanan toxumun keyfiyyət göstəriciləri müvafiq dövlət standartlarına uyğun olması da qarşıya qoyulan əsas məqsədlərdəndir.

Aparılmış elmi tədqiqat işində, kapsullaşma üçün istifadə olunmuş kompozit, özüparçalanan polimer əsasında hazırlanmışdır. Kompozitin tərkibinə daxil olan digər kimyəvi birləşmələr kənd təsərrüfatı istehsalının ekoloji normalarına uyğun olaraq seçilmişdir. İstifadə edilən biopolimer yüksək su udma və saxlama qabiliyyətinə malik olduğu üçün ilkin cücərmə dövründə toxumu, lazımi rütubətlə təmin edir və bu üsulla yüksək temperatur və aşağı rütubət kimi xarici faktorlara qarşı davamlılığının artırılması mümkün olmuşdur.  Həmçinin, bu üsulla toxumun ölçüsünü optimallaşdırmaq mümkün olmuşdur. Belə ki, xırda ölçülü toxumların kapsullaşması ilə əkin zamanı fermerlərin rastlaşdığı “topa əkin” probleminin də qarşısını almaq mümkün olacaq. Məsələn, toxumlarının ölçüləri çox kiçik olan yonca toxumu tədqiqat obyekti olaraq götürülmüşdür və kapsullaşdırıldıqdan sonra ölçülərinin 1.3 dəfəyə qədər artdığı müşahidə olunmuşdur.

Bundan əlavə, aparılmış elmi tədqiqat işinin başqa bir maraqlı tərəfi və yeniliyi, alınmış kapsullaşmış toxumların əkin torpağı ilə yanaşı, hidroponik üsulla əkilməsidir.

Hidropon texnologiyası ilə bitkilərin yetişdirilməsi günümüzdə kənd-təsərrüfatı sektoruna böyük töhvələr verir. Belə ki, kiçik ərazidə böyük biokütlənin əldə olunması urbanizasiya tələblərinə tam cavab verir və beləliklə əhalinin bitki qidasına olan tələbatını ödəmiş olur.

Hidropon məhlul qismində-Ştainer məhlulunun modifikasiya olunmuş variantı, substratı qismində isə-neytral kokobitdən istifadə olunmuşdur.

Laborator şəraitdə yetişmiş kontrol və kapsullu toxumdan becərilmiş bitkilərin müxtəlif fizioloji və biokimyə göstəricilərinin ölçülməsi aparılır. Burada: cücərmə intensivliyi,cücərmə faizi, ümumi zülal miqdarı, fotosintez intensivliyi (xlorofil A və B),karatinoidləri miqdarı, ümumi prolin miqdarı (kəmiyyət və keyfiyyət analizi) nəticələri əsasında kapsullaşmanın təsiri öyrənilir. Alınan nəticələr tezis və məqalələrin hazırlanmasında istifadə olunacaqdır. Növbəti mərhələdə soya, buğda, raps və başqa toxumların kapsullaşmsı və hidrapon məhlulda yetişdirilməsi nəzərdə tutulub.

© 2020 Əkinçilik ETİ