Xəbərlər

“Müasir Aqrar və Biologiya elmlərinin aktual problemləri: qlobal çağırışlar və innovasiyalar” mövzusunda virtual beynəlxalq elmi-praktiki konfrans keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə onlayn formatda “Müasir aqrar və biologiya elmlərinin aktual problemləri: qlobal çağırışlar və innovasiyalar” mövzusunda virtual beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransın keçirilməsində məqsədi aqrar və biologiya elmləri sahəsində respublikamızın və dünyanın elmi-tədqiqat müəssisələrində çalışan tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşmək, mövcud problemləri beynəlxalq səviyyədə müzakirə etmək, onların həlli yollarına dair tövsiyələr verməkdir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatın rəhbəri Rafail Quliyev konfransı giriş sözü ilə açaraq beynəlxalq əməkdaşlığın əhəmiyyətlini vurgulayıb və aktual məsələlərdən bəhs edib.

Kənd Təsərrüfatı Nazirliyi “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov, respublikada aqrar sahəyə dövlət dəstəyindən, aqrar və biologiya elmləri qarşısında duran vəzifələrdən, beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb.

Konfransda AMEA-nin aqrar sahə üzrə müşaviri, akademik Qərib Məmmədov, Genetik Ehtiyatlar İnstitunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, Mikrobiologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Botanika İnstitutunun direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru a.e.d., dosent Vüqar Səlimov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov və şöbə müdiri Cavanşir Təlai, Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyi Şərqi Aralıq dənizi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Abdullah ÇİL müasir aqrar və biologiya elmlərinin nailiyyətləri, aktual problemləri və innovasiyalar barədə danışıb və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, a.e.ü.f.d., dosent Faiq Xudayev tədbirə qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirib. O, müasir dövrdə innovasiyaların ölkəyə gətirilməsi, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmamaq məqsədilə qarşıda duran vəzifələrin reallaşdırılması, alimlərin müasir dövrün çağırışlarına cavab verən tədqiqatlarının stimullaşdırılması istiqamətində mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsinin və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurgulayıb. 

 

Konfrans bitki seleksiyası və iqlim dəyişmələrinə adaptasiya, kənd təsərrüfatı istehsalında innovativ texnologiyaların tətbiqi, kənd təsərrüfatı və biotexnologiya, aqrotorpaqşünaslıq və əkinçilik, yemçilik və otlaq ekosistemlərin dayanıqlı idarə olunması, kənd təsərrüfatı istehsalında iqtisadiyyatın elmi əsasları istiqamətləri üzrə paralel aparılan 2 bölmədə baş tutub. 

Virtual formatda keçirilən beynəlxalq konfransda Azərbaycan və xarici ölkələrin elmi müəssisələrinin alim və mütəxəssisləri də daxil olmaqla 68 nəfər iştirak edib. Konfrans materiallarına daxil edilməsi üçün təşkilat komitəsinə yerli və xarici elmi təşkilatlardan (Türkiyə, Özbəkistan, Qazaxstan, Rusiya, Ukrayna, Gürcüstan) 100-dən çox tezis daxil olub. Konfransın işi azərbaycan, rus və ingilis dillərində aparılıb. 

Tədbirin sonunda F.Xudayev elmi-tədqiqat işlərinin uğurla həyata keçirilməsi, müvafiq elm sahələrində dünya miqyaslı və rəqabətqabiliyyətli elmi nəticələrin alınması və bu nəticələrin tezliklə iqtisadiyyatda, həyatda öz tətbiqini tapması yolunda Azərbaycan alimlərinə uğurlar diləyib.

© 2020 Əkinçilik ETİ