Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki seleksiyası” şöbəsinin hesabatı keçirilib

İnstitutun “Bitki seleksiyası” şöbəsinin illik geniş hesabatı keçirilib. Şöbə müdiri a.e.ü.f.d., dosent Abidin Abdullayev “Genetik markerlərdən istifadə etməklə yüksək məhsuldar, keyfiyyətli, biotik və abiotik stres amillərinə davamlı, ekoloji adaptiv xüsusiyyətlərə malik yeni buğda sortlarının yaradılması və tətbiqi” mövzusu üzrə şöbənin illik fəaliyyəti haqqında məlumat verib. 
O diqqətə çatdırıb ki, Beynəlxalq Seleksiya Mərkəzləri CIMMYT və ICARDA ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutu arasında çoxillik elmi əməkdaşlıq mövcuddur. Hər il bu mərkəzlərdən instituta müxtəlif torpaq-iqlim şəraitləri üçün nəzərdə tutulan buğda sort nümunələri daxil olur. 
CIMMYT və ICARDA-dan introduksiya olunmuş müxtəlif təyinatlı buğda pitomniklərinin bir qismi 2020-2021-ci tədqiqat ilində institutun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında əkilib və sınaqdan keçirilib. 2020-2021-ci vegetasiya ilində Beynəlxalq Mərkəzlərdən introduksiya olunmuş pitomniklərin ilkin ekoloji sınağı zamanı öyrənilən 570 nümunədən 95-i seçilib və sahəsi artırılaraq daha geniş fizioloji tədqiqatlar üçün əkilməsi nəzərdə tutulub. 
Hesabat ilində kolleksiya pitomnikində yumşaq və bərk buğdanın 687 yerli və müxtəlif coğrafi mənşəli xarici sortnümunələri öyrənilib. Hər 20 nümunədən sonra yumşaq buğda üçün standart “Murov 2” və “Fatimə”, bərk buğda üçün isə “Bərəkətli 95”, “Qarabağ” sortları götürülüb.
2020-ci hesabat ilində buğdanın seleksiyası üzrə müxtəlif pitomniklərdə 10026 nümunə, hibrid, xətt, seleksiya nömrəsi və perspektiv sort, müxtəlif torpaq iqlim şəraitində tətbiq edilib və hər bölgənin təbii şəraitinə uyğun adaptiv xüsusiyyələrə malik transqressiv xətlər və perspektiv sortlar seçilib. Hesabat ilində nəzərdə tutulmuş proqram əsasında 49 nümunənin iştirakı ilə 57 kombinasiyadan ibarət hibridləşmə aparılıb, 99 sünbüldə 1708 çiçək axtalanıb, hibrid dənlərin sayı 570 ədəd, dəntutma isə 38,5% olub.
Mövzu üzrə əldə edilən nəticələrə əsasən demək olar ki, Türkiyə ICARDA Regional Taxıl Pası Araşdırma Mərkəzi (RCRRC) Taxıl Pası Biotəhlükəsizliyi Laboratoriyasına (İzmir, Türkiyə) Azərbaycandan gondərilən gövdə pası numunələrindən 4 yeni rasa aşkar edilib: TKKTF, TKTTF, TTKTT və TTTTF. Bu rasalardan biri Azərbaycana aid olub. TKKTF və TKTTF rasaları isə bir  neçə ölkədə daha çox aqressiv olduğu müəyyənləşdirilib.
Sarı pas xəstəliyinə həssas, rayonlaşmış yerli buğda sortları ilə xəstəliyə qarşı davamlılıq genlərinə malik olan və geni məlum olmayan davamlı genotiplər arasında hibridləşmə aparılıb ki, hazırda müxtəlif kombinasiyalardan seçilmiş F5 nəslində 41 ədəd davamlı xəttlərin sınaqları davam etdirilir.
Hesabatın sonunda suallar və cavablar səsləndirilib, müzakirələr aparılıb. Şöbənin geniş illik hesabatı qəbul olunub.
© 2020 Əkinçilik ETİ