Xəbərlər

Malayziyanın Azərbaycandakı səfiri və Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun (MARDI) rəhbərliyi Əkinçilik ET İnstitutunda olublar

Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun baş direktoru Dato’ Dr. Mohamad Zabavi Əbdül Kani, direktor müavinləri Dr. Mohamad Kamal Abdul Kadi (tədqiqat üzrə) və Aniadila Kamaruddin (korparativ komunikasiya mərkəzi üzrə) Azərbaycanda rəsmi səfərdə olublar.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutu arasında ölkəmizdə çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi ilə əlaqədar əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasına həsr edilmiş mərasim keçirilib. 

İmzalama mərasimi ilə əlaqədar olaraq Malayziyanın Azərbaycandakı səfiri Dato’ Yubazlan Yusof, Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun nümayəndə heyəti  Əkinçilik ET İnstitutunda olublar.

Elmi əməkdaşlığa həsr edilmiş görüşdə Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov da iştirak edib. 

Tərəflər görüş çərçivəsində əməkdaşlıq əlaqələrinin perspektivlərindən və aktual məsələlərdən bəhs ediblər.

Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev qonaqları salamladıqdan sonra öncə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub. 

Anlaşma Memorandumunun imzalanması Əkinçilik ET İnstitutu adından direktor Faiq Xudayev və Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun baş direktoru Dato’Dr. Mohamad Zabavi Əbdül Kani tərəfindən rəsmi surətdə həyata keçirilib.

Malayziyanın Azərbaycandakı səfiri Dato’ Yubazlan Yusof çıxışı zamanı kənd təsərrüfatının inkişafı çərçivəsində bu əməkdaşlığın əhəmiyyətini vurgulayaraq aqrar sahədə elm yönümlü müştərək tədqiqatların aparılması, təcrübə mübadiləsi və kadr potensialının gücləndirilməsinin perspektivlərini diqqətə çatdırıb.

Tədbirdən sonra qonaqlar institutun şöbə və laboratoriyalarına baxış keçiriblər, elmi-tədqiqat işləri ilə tanış olublar.

Səfərin ikinci günü proqrama əsasən Malayziyanın Azərbaycandakı səfiri Dato’ Yubazlan Yusof, Əkinçilik ET və Malayziya Kənd Təsərrüfatı Elmi-Tədqiqat və İnkişaf İnstitutlarının nümayəndələri Lənkəran rayonunda çəltik istehsalı üzrə mövcud infrastrukturla tanış olacaqlar. Çəltikçilik sahəsində fəaliyyət göstərən fermerlərlə, Masallı, Astara, Lənkəran DAİM-nin rəhbərləri ilə də görüş keçiriləcək.

© 2020 Əkinçilik ETİ