Xəbərlər

Malayziyanın Azərbaycandakı səfiri Dato’ Yubazlan Yusof, MARDI nümayəndə heyəti və Əkinçilik ET İnstitutnun əməkdaşları Lənkəran rayonunda olublar

Qeyd edildiyi kimi Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun (MARDI) baş direktoru Dato’ Dr. Mohamad Zabavi Əbdül Kani, direktor müavinləri Dr. Mohamad Kamal Abdul Kadi (tədqiqat üzrə) və Aniadila Kamaruddin (korparativ komunikasiya mərkəzi üzrə) Azərbaycanda rəsmi səfərdə olublar.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutu arasında ölkəmizdə çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi ilə əlaqədar əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasına həsr edilmiş mərasim keçirilib. 
Səfərin ikinci günü Malayziyanın Azərbaycandakı səfiri Dato’ Yubazlan Yusof, MARDI nümayəndə heyəti və Əkinçilik ET İnstitutnun bir qrup əməkdaşları çəltiklçiliyin tarixi ənənələrini özündə yaşadan Lənkəran rayonunda olublar. Çəltikçilik sahəsində fəaliyyət göstərən fermerlərlə, Masallı, Astara, Lənkəran DAİM-nin rəhbərləri ilə görüş keçirilib. 
Görüşdə Lənkəran DAİM-in direktoru Tofiq Rzayev qonaqlara bölgənin torpaq-iqlim şəraiti, sovetlər dönəmində və hal-hazırda çəltikçilik, çəltik istehsalı, mövcud problemlər və gələcək planlar haqda  məlumat verib.
Cənab səfir Dato’ Yubazlan Yusof Azərbaycanla Malayziya arasında neft və qaz sektorundan başqa turizm, təhsil və maliyyə, xüsusilə də aqrar sahədə əməkdaşlıq edilməsində maraqlı olduqlarını bildirib. Əkinçilik ETİ və MARDI arasında Anlaşma Memorandumunun imzalanması ilə gələcək əməkdaşlığın potensial əsasının qoyulduğunu vurğulayıb. 
ƏETİ-nin direktoru Faiq Xudayev öz növbəsində institutlar arasında imzalanan Anlaşma Memorandumu haqqında, çəltik bitkisinin ƏETİ-nin mandatına daxil olması və bu istiqamətdə görülən işlər, yerli çəltikçi fermerlərlə qurulan əlaqələr haqqında məlumat verib. 
MARDİ-nin baş direktoru Dato’ Dr. Mohamad Zabawi Əbdül Kani çıxış edərək institutlar arasında əməkdaşlığın mümükün perspektivlərindən danışıb. O, çəltikçiliklə yanaşı, k/t-nın digər sahələri də daxil olmaqla hər iki ölkənin alim və mütəxəssislərinin qarşılıqlı şəkildə yerlərdə qiymətləndirmə apararaq görüləcək işlərin istiqamətinə uyğun fəaliyyət planının müəyyənləşdiriləcəyini qeyd edib.
Nümayəndə heyəti Lənkəran rayonunda fəaliyyət göstərən Green East və FARAN çəltik emalı müəssisələrində olub və mövcud infrastrukturla tanış olublar.
© 2020 Əkinçilik ETİ