Xəbərlər

İsmayıllıda taxılçılıqla məşğul olan fermerlərlə görüş keçirilib

İsmayıllı rayonunun Soltankənd kəndində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayevin iştirakı ilə taxılçılıqla məşğul olan fermerlərlə görüş keçirilib. Taxıl sahəsində keçirilən görüşdə İsmayıllı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin işçiləri, mütəxəssislər, rayon icra hakimiyyəti başçısının Soltankənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və taxılçılıqla məşğul olan fermerlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon DAİM-in direktoru Rövşən Yəhyayev görüş iştirakçılarına taxılçılıqla bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verib. Cari ilin məhsulu üçün 31042 hektar sahədə payızlıq dənlilərin əkildiyini qeyd edən direktor payızlıq əkinlərdə hazırda aparılan aqrotexniki qulluq işlərinin gedişi barədə danışıb.

Sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev respublikamızda taxılçılığın inkişafından, yüksək məhsuldarlıq üçün görülən işlərdən, aparılan elmi tədqiqatların nəticələrindən söz açıb. Yüksək məhsul əldə etmək üçün ilk növbədə toxumun düzgün, yəni rayonlaşmış və torpaq-iqlim şəraitinə uyğun sortun seçilməsinin vacibliyini qeyd edib. Habelə, açıq sahə şəraitində bitkilərə aqrotexniki tədbirlərin aparılma ardıcıllığını və qaydalarını ətraflı izah edib.

Daha sonra fermerlər Şaməddin Nadirovun və İlkin Bağıyevin taxıl sahələrinə baxış keçirilib. Fermerlərə əkin sahəsində alaq otlarına və yabanı vələmirə qarşı mübarizə tədbirinin aparılma və pestisidlərdən istifadə qaydası əyani göstərilib. Pestisidlərdən normalara uyğun istifadə qaydaları ilə bağlı, eləcə də yaz ayları üçün xarakterik olan və məhsul itkisinə səbəb ola biləcək bəzi xəstəliklər, xüsusilə də pas xəstəliyi və ona qarşı mübarizə tədbirlərinin aparılması barədə fermerlərə müvafiq tövsiyələr verilib.

Görüşdə fermerləri maraqlandıran suallar cavablandırılıb.

© 2020 Əkinçilik ETİ