Xəbərlər

Şəkidə fermerlərlə görüş keçirilib

Şəki rayonunda keçirilən tədbirlər çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktoru Faiq Xudayevin iştirakı ilə taxılçılıqla məşğul olan fermerlərlə görüş keçirilib. Görüş zamanı o, taxılçılığın inkişafından, yüksək məhsuldarlıq əldə edilməsi istiqamətində görülən işlərdən, aparılan elmi-tədqiqatların nəticələrindən söz açıb. Qeyd edib ki, yüksək məhsul əldə etmək üçün sortun toxumu ilk növbədə düzgün, yəni rayonlaşmış və torpaq-iqlim şəraitinə uyğun olaraq seçilməli, həmçinin açıq sahə şəraitində aqrotexniki tədbirlərin aparılma ardıcıllığına və qaydalarına düzgün əməl edilməlidir.
Taxıl sahəsində keçirilən görüşdə Şəki rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin işçiləri, mütəxəssislər və taxılçılıqla məşğul olan fermerlər iştirak ediblər. Fermerlərə əkin sahəsində alaq otlarına və yabanı vələmirə qarşı mübarizə tədbirinin aparılma və pestisidlərdən istifadə qaydası əyani şəkildə göstərilib. 
Elə həmin gün ƏETİ tərəfindən Şəki rayonunda “Heyvandarlığın inkişafı üçün yem bitki sortlarının nümayiş əkinlərinin təşkili və fermer təsərrüfatlarında yayılmasının təbliği” layihəsi çərçivəsində digər tədbir də keçirilib.
“Yeni yem bitki sortlarının heyvandarlığın yem bazasının yaxşılaşdırılmasında rolu” movzusunda tarla şəraitində keçirilən tədbirdə institutun direktoru Faiq Xudayev, Şəki Regional Təlim Mərkəzinin direktoru Qərib Novruzlu, institutun Şəki Dayaq Məntəqəsinin müdiri Qeysər Fərəcov, Şəki DAİM-in nümayəndələri, mütəxəssislər və fermerlər iştirak ediblər.
Görüşdə iştirakçı fermerlərə heyvandarlığın bol və yüksək keyfiyyətli yemlə təmin olunmasında yeni məhsuldar yem bitki sortlarının əhəmiyyəti və bu məqsədlə həyata keçirilən layihənin nəticələri barədə geniş məlumat verilib. Bölgə fermerlərinin yem istehsalı sahəsində olan çətinlikləri və onların aradan qaldırılması yolları müzakirə edilib. 
Müzakirələr zamanı görüş iştirakçılarını maraqlandıran suallara müvafiq qaydada aydınlıq gətirilib və onlara yem bitkilərinin becərilməsi, vaxtında itkisiz biçilməsi, tədarükü və saxlanması barədə tövsiyyələr verilib, suallar cavablandırılıb.
© 2020 Əkinçilik ETİ