Cəlal Əliyev

Görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi,

biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev - Əkinçilik Elmi-Tədqiqat İnstitutunun banisidir.

Xalqımızın zəkasını, elmini dünyaya nümayiş etdirmiş, aldığı dəyərli, universal  nəzəri - tətbiqi nəticələrlə dünya biologiya elminin xəzinəsini zənginləşdirmiş, bununla da adını dünyanın tanınmış elm korifeyləri ilə bir sırada yazmış və ən nəhayət ömrünün 60 ildən artıq bir hissəsini əsasən müqəddəs nemətimiz olan buğdanın tədqiqinə həsr edən əməkdar elm xadimi, akademik  Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Təbiət elmlərinə olan hədsiz marağı və məhəbbəti Cəlal müəllimə sonrakı həyat yolunun müəyyənləşdirilməsində həlledici rol oynamışdır. Belə ki, 1944-cü ildə əvvəlcə O, Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq - coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. Hələ üçüncü kurs tələbəsi olarkən C.Əliyev bitkilərin fiziologiyası kafedrasında laborant vəzifəsində işləməyə başlamış və biologiyanın bu sahəsini gələcək elmi fəaliyyət istiqaməti kimi seçmişdir. Azərbaycan Elmlər Akademiyasında  Bitkilərin Fiziologiyası ixtisası üzrə aspiranturanı bitirən C.Əliyev 1955-ci ildə “Mikroelementlərin buğdanın inkişafına və   məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.  

C.Əliyevin tədqiqat prioritetlərinə ağır ekoloji vəziyyət, o cümlədən kənd təsərüfatı bitkilərində toplanan radioaktiv parçalanma məhsulları olan radionuklidlərlə torpağın çirklənməsi ilə  əlaqədar 1970-ci ildən uzunömürlü nuklidlərin torpaq-bitki örtüyündə paylanma qanunauyğunluqlarının öyrənilməsi də daxildir. Bu elementlərin torpaq-bitki sistemində miqrasiya tsiklinin analizi əsasında Azərbaycanın torpaq-bitki örtüyündə stronsium-90 və sezium-137-nin dövranının ümumi biogeokimyəvi xəritəsi verilmiş, bitkilərin mümkün çirklənmə proqnozları müəyyən olunmuş və bu hallarda kənd təsərrüfatında həyata keçirilməsi zəruri olan praktiki təkliflər işlənib hazırlanmış, başqa sözlə, radiasiya təhlükəsizliyi tədbirlərinin əsaslandırılmasında istifadə olunan bütün işlər görülmüşdür.

Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, keçən əsrin yetmişinci illərində taxılçılığın intensiv üsullarla becərilməsinə başladıqdan sonra yeni qısa boylu, tezyetişən, yüksək məhsuldar və keyfiyyətli buğda sortlarına tələbat artmışdı. Həmin illərdə Azərbaycana bir çox ölkələrdən gətirilən qısa boylu buğda sortları yerli şəraitə uyğunlaşmadığından xəstəliklərə tutulurdu. Müxtəlif institutlarda, seleksiya mərkəzlərində, bölgə təcrübə bazalarında intensiv seleksiya işləri aparılırdı. Lakin yüksək məhsuldar, keyfiyyətli, xəstəliklərə və mühitin əlverişsiz amillərinə davamlı buğda sortlarının yaradılması nəzəri tədqiqatlar aparmaqla seçmə üçün yeni metodların və yüksək ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac duyulurdu.1970-ci illərə qədər respublikada əkinçilik sahəsində müəyyən kadrlar hazırlansa da, elmi-tədqiqat işləri aparılsa da, taxıl istehsalını artırmaq, əkinçiliyin əsas problemlərini həll etmək mümkün olmamışdır. Həmin dövrdə kadr hazırlığı, texniki təminat və elmi-tədqiqat işlərində dönüş yaratmadan, respublikada kənd təsərrüfatı sahəsində çətinlikləri aradan qaldırmaq mümkün deyildi. Ölkənin misilsiz milli sərvəti hesab olunan elmi-texniki potensialın yaradılması kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində olduqca zəruri idi. Bu zərurəti akademik C.Ə.Əliyev elmi uzaqgörənliyi, təbii fitri istedadı və yüksək intuisiyası ilə hələ xeyli əvvəllər hiss etmişdi. Zəngin təcrübəyə, böyük elmi zəkaya malik olan akademik çox gözəl bilirdi ki, yüksək istedadlı gəncləri elmi işə yaxından cəlb etməklə, elmi əsaslara istinad etməklə, kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına nail olmaq mümkündür.

1970-ci illərdən başlayaraq akademik Cəlal  Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə ölkədə buğdanın seleksiyası sahəsində kəskin dönüş yaranmışdır.  İlk növbədə institutda geriliyin aradan qaldırılması üçün uzun bir dövrü əhatə edən hərtərəfli, elmi əsaslı kompleks seleksiya proqramı hazırlanmışdır. Bu proqramın əsas məqsədi ilk növbədə Azərbaycan Respublikasının müxtəlif aqroekoloji şəraitinə uyğun, quraqlığa, duza, yüksək temperatura, soyuğa, şaxtaya, xəstəlik və zərərvericilərə və yatmaya kompleks davamlı, kənd təsərrüfatı istehsalının tələblərini ödəyən intensiv tipli, daha yüksək məhsuldar və keyfiyyətli dənli taxıl sortlarının yaradılmasının nəzəri əsaslarının və təcrübi üsullarının işlənib hazırlanmasından ibarət idi. Bu işə bitkilərin fiziologiyası, biokimya, texnologiya, genetika, seleksiya, entomologiya və fitopatologiya sahəsində çalışan mütəxəssislər yaxından cəlb edilmişdir.

Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci ildə “Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmışdır. C.Əliyev elmi tədqiqat işlərini 1954-cü ildən bu günə kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Bitkilərin fiziologiyası və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparmışdır. Cəlal Əliyevin altmış ildən artıq fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr olunmuşdur.

Müdrik akademik biologiya, kənd təsərrüfatı və s. üzrə fundamental və tətbiqi sahədə tədqiqat aparmağa qabil kadrların hazırlanmasını ilkin vəzifələrdən biri kimi qarşıya məqsəd qoymuşdu. Bu məqsədlə 1972-ci ildən başlayaraq müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı kadrlar: bioloqlar, kimyaçılar, aqronomlar, fiziklər, riyaziyyatçılar, mühəndislər instituta cəlb edilərək keçmiş ittifaqın müvafiq elmi mərkəzlərinə əvvəlcə 2 illik ixtisasartırma kurslarına, sonra isə məqsədli aspiranturaya göndərilməsi təmin edilmişdir. Akademik C.Əliyevin misilsiz xidmətidir ki, 80 nəfərdən artıq elmi işçi keçmiş SSRİ-nin nüfuzlu elmi mərkəzlərində biofizika, biokimya, biotexnologiya, torpaq fizikası, aqrokimya, molekulyar biologiya, genetika, molekulyar genetika, bitki fiziologiyası, aqroekosistemin riyazi modelləşdirilməsi, fotosintetik proseslərin riyazi modelləşdirilməsi, radiobiologiya, texniki kibernetika və informasiya nəzəriyyəsi, fitopatologiya, xəstəliyə qarşı bitkilərin immuniteti, quraqlığa davamlılıq üzrə seleksiya, elektron hesablama maşınlarının tətbiqi ilə təcrübi göstəricilərin riyazi işlənməsi və s. sahələr üzrə uzunmüddətli ixtisasartırma kursları keçmişlər. Bunun məntiqi nəticəsidir ki, məqsədli aspirantura da daxil olmaqla  Əkinçilik İnstitutunda 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlanmış, onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşlər. Akademik Сəlal  Əliyevin bilavasitə elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı formalaşdırılmışdır. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə və elmlər doktoru hazırlanmışdır. Onun bir çox tələbələri MDB-yə daxil olan, eləcə də ABŞ, Almaniya, Fransa, Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq, Cənubi Koreya və başqa ölkələrə dəvət olunmuş və hal - hazırda orada müvəffəqiyyətlə çalışırlar. Akademik C.Əliyevin dünyanın aparıcı elm mərkəzləri ilə apardığı danışıqlar nəticəsində Əkinçilik İnstitutunun bir çox elmi işçiləri dəfələrlə CIMMYT, ICARDA, IPGRI, ICRISAT, ICBA və s. beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə kənd təsərrüfatının müxtəlif prioritet istiqamətləri üzrə beynəlxalq ixtisasartırma kurslarında təhsil almışlar. Təsadüfi deyildir ki, akademik C.Əliyev və onun hazırladığı kadrlar 1993-cü ildə bioloji məhsuldarlıq proseslərinin molekulyar  əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər. Geniş və əhatəli seleksiya proqramı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə yetmişinci illərdən həyata keçirilməyə başlanmışdı. İlk növbədə bu məqsədlə baş qərargahı Meksikada yerləşən Buğda və Qarğıdalının Yaxşılaşdırılması, Suriyada yerləşən Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzlər  (CIMMYT, ICARDA) və keçmiş Sovetlər birliyinə daxil olan, buğdanın seleksiyası ilə məşğul olan institutlar hesabına müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda genofondu toplanmış və orta müddətli genbank yaradılmışdır. Bu genofond fotosintez əlamətlərinin nəslə keçirilməsi və irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və ən başlıcası, məqsədyönlü seleksiyanın kompleks əlamətlərə əsasən həyata keçirilməsi üçün istifadə olunmağa başlanmışdır. Bununla da C.Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq buğdanın seleksiyasının elmi əsaslandırılmış proqramının həyata keçirilməsinin əsası qoyulmuşdur. Bir sözlə, hələ ötən əsrin sonunda qısa boylu intensiv tipli buğda sortlarının məhsuldarlığının artırılmasına görə akademik C.Əliyevin nəzəri və təcrübi tədqiqatlarının nəticəsində əsil “Yaşıl inqilab” baş vermiş və bu bütün dünyada əks-sədaya səbəb olmuşdur. Buğdanın seleksiyasında  əsaslı nailiyyətlərin  əldə olunması üçün nəzəri tədqiqatların aparılmasının vacibliyini qabaqcadan görən akademik C.Əliyev tərəfindən bu istiqamətdə araşdırmalara başlanmışdır. Buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla bunu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da Azərbaycanda biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası akademik C.Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlərin vasitəsi ilə buğda bitkisinin genom kitabxanası yaradılmış, sintez olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınmışdır. Bunun əsasında gen mühəndisliyindən istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanmışdır. Akademik daima əldə etdiyi elmi nailiyyətlərin dünyanın müxtəlif ölkələrinin və Beynəlxalq mərkəzlərin aparıcı mütəxəssislərinin iştirakı ilə tarla şəraitində müzakirəsinə xüsusi diqqət yetirmişdir.

Akademik Cəlal  Əliyev uzun müddət aparılmış nəzəri və eksperimental tədqiqatlarla fototənəffüs hadisəsinin əhəmiyyətinin aydınlaşdırılmasına nail olmuşdur. Bu ideya, uzun illər tarla şəraitində müxtəlif bitki genotipləri üzərində aparılan məqsədyönlü və çoxşaxəli tədqiqatların nəticələrinə  əsaslanmışdır. Bunun üçün ilk növbədə 10 min buğda genotipini, xəstəliklərə və mühitin qeyri əlverişli amillərinə (quraqlığa, torpaq şoranlığına və s.) davamlı yüksək məhsuldar sortları özündə ehtiva edən zəngin buğda genofondu yaradılmışdı. Yüksək məhsuldar (7-9 t/ha) buğda genotiplərinə yüksək fotosintez intensivliyi ilə yanaşı yüksək fototənəffüs ölçülərinin xas olması, orta və aşağı məhsuldarlıqlı (3 t/ha) genotiplərdə isə əksinə həm COassimilyasiyası, həm də fototənəffüsün intensivliyinin kiçik qiymətlərə malik olması müxtəlif məhsuldarlıqlı genotiplərdə həqiqi fotosintezin fototənəffüsə olan nisbətinin  orta hesabla 3:1 olması müəyyən edilmişdir. Beləliklə, akademik C.Əliyev fotonəffüsün israfçılığının əksinə olaraq 40 il ərzində tarla şəraitində yetişdirilən və məhsuldarlığına görə təzadlı olan buğda genotiplərindən istifadə edərək, qaz mübadiləsinin intensivliyi, karbon metabolizmi və RBFK/O fermentinin aktivliyinə dair aparılmış müxtəlif istiqamətli tədqiqatlarla sübut etmişdir ki, fototənəffüs təkamüldə formalaşmış olan həyat əhəmiyyətli metabolik prosesdir. O, tədqiqatlarda alınan nəticələrə əasalanaraq bitkilərdə məhsuldarlığın artırılması üçün fototənəffüsün müxtəlif yollarla zəiflədilməsinin əsassız olduğunu bir daha sübut etmişdir. Fotosintez və fototənəffüsün  əsas fermentlərinin fosfoenolpiruvatkarboksilaza və fosfoqlükalatfosfatazanın tam şəkildə nukleotid və aminturşu ardıcıllığı təyin edilmişdir.

Akademik C.Əliyevin əldə etdiyi bu nəticələri, eləcə də Əkinçilik ET İnstitutunda bu əsasda yaradılan buğda sortları və onların respublikada geniş əkin sahəsinə malik olmasını 2011 və 2013-cü illərdə Bakıda keçirilən və “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları”na həsr olunmuş beynəlxalq konfransda təmsil olunan 40-dan artıq xarici ölkənin elm adamları yüksək qiymətləndirərək, akademik Cəlal Əliyevin bu illər ərzində əldə etdiyi bu nailiyyətlərdən yalnız Azərbaycan xalqı deyil, bütövlükdə dünya elminin də bəhrələnəcəyini bildirmişlər. Artıq keçən əsrin 80-ci illərinin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik C.Ə.Əliyev tərəfindən “İdeal buğda” bitkisinin modeli hazırlamış və onun testləri əsasında seleksiya materiallarının seçilməsi ilə qiymətli formalar yaradılmışdır. Bu model özündə fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək məhsuldarlığı şərtləndirən prinsiplər müəyyən edilmişdir. Bütün bunların nəticəsində artıq 1980-ci illərdə bir çox qiymətli buğda hibridləri yaradılmış, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirilib,  onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları  seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) təqdim olunmuşdu. Aparılan ekoloji sınaqlar və Sort Sınağının nəticələri  əsasında rayonlaşdırılmış Mirbəşir 50, Qaraqılçlq 2, Vüqar, Şiraslan 23, Tərtər, Bərəkətli 95, Əlincə 84 bərk, Mirbəşir 128, Əkinçi 84 və Qiymətli 2/17 yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi tutmağa başlamışdı. Hələ, 1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi akademik C.Əliyevin yaratmış olduğu məşhur Qaraqılçıq 2 bərk buğda sortu Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunmuş və tezliklə keçmiş Sovetlər Birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək məhsuldarlığına görə bu sortun Özbəkistan və Türkmənistan respublikalarında da rayonlaşmasına qərar vermişlər. Respublikada taxılın orta məhsuldarlığının iki dəfə artaraq 2,5-2,6 t/ha çatmasında məhz bu sortların əkin sahələrinin tez bir zamanda genişlənməsinin də böyük rolu olmuşdur. Bunun üçün Əkinçilik ET İnstitutunun respublikanın hər bir bölgəsini əhatə edən təcrübə stansiyalarında yaradılmış yüksək məhsuldar taxıl sortlarının toxumçuluq sistemi sürətlə inkişaf etdirilmişdi. Hər bir bölgə üçün işlənib hazırlanmış və elmi əsaslandırılmış becərmə texnologiyasının tətbiqi göstərdi ki, intensiv tipli bu sortlardan optimal şəraitdə hektardan 7-8 ton dən məhsulu almaq mümkündür. İnstitutda yaradılmış sortların əksəriyyəti məhz bu modelin testləri əsasında həyata vəsiqə almışdır. Yaradılmış bu testlər qısa müddətdə minlərlə nümunələrin, ilkin seleksiya materiallarını qiymətləndirməyə imkan vermişdi. C. Əliyevin seleksiya proqramı çoxcəhətli və hərtərəfli, daima işləyən, təkrar olunmaz və dinamik inkişafda olan və bir-birini tamamlayan bir mexanizm idi. Onu dayandırmaq və ya zəiflətmək mümkün deyildi. Buna 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində bir çox cəhdlər olmuş,  Əkinçilik ET İnstitutunun rəhbərliyi dəyişdirilmiş, seleksiyaçı alimlər başqa işə keçirilmiş, elmi işlərin aparılmasına lazımi şərait yaradılmamışdır. Məhz o, ağır illərdə akademik C.Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq Əkinçilik ET İnstitutunda başladığı seleksiya proqramını həyata keçirmək üçün alimləri öz ətrafında sıx birləşdirərək, onları ruhdan düşməyə qoymamışdır. Respublikamızın taxıla olan tələbatını və o, illərdə süni surətdə yaradılmış blokadanı görən Cəlal müəllim tezliklə taxıl istehsalını artırmaq üçün proqramlar hazırlayıb dövlət rəhbərliyinə göndərmişdi. Çox təəssüflər ki, o zaman belə mühüm, vacib işi həyata keçirmək üçün müsbət cavab ala bilməmişdi. Çətinliklərə baxmayaraq həmin illər seleksiya işləri nəticəsində respublikada yüksək məhsul vermək potensialına malik olan Mirbəşir 50, Tərtər və Vüqar bərk buğda sortları rayonlaşmış və seleksiya nailiyyətlərinin Dövlət reystrinə daxil edilmişdir. Ancaq mürəkkəb torpaq - iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının yaradılması zəruriyyəti qarşıda dururdu. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda nisbətən yüksək dən məhsulu vermək qabiliyyətinə malik olmalı idi. Məhz akademik C.Əliyevin otuz ildə seleksiya proqramında inkişaf etdirdiyi istiqamətlərdən biri də bu olmaqla, yerli buğda sortlarından istifadə edilməsinə böyük üstünlük verilmişdir. Xalq seleksiyası yolu ilə yaradılmış Qaraqılçıq, Qırmızı buğda, Sarı buğda, Ağ buğda, Şərq və Azərbaycanda uzun müddət əkilən, təbii seçmə nəticəsində yeni şəraitə uyğunlaşan davamlı buğda genotipləri yeni intensiv sortlarla hibridləşdirilərək yeni hibrid nəsillər yaradılmışdı. Bunlardan perspektivli hesab olunan formaların ekstremal amillərə davamlılığının Əkinçilik ET İnstitutunda fəaliyyət göstərən fitotronda süni iqlim kameralarında öyrənilməsi tezliklə onların tarla şəraitində sınaqdan keçirilməsinə imkan yaratmışdı. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində alınmış quraqlığa davamlı Bərəkətli 95 bərk buğda sortu ilə yanaşı Qobustan, Ruzi 84, Qızıl buğda, Günəşli yumşaq buğda sortlarının əkin sahəsi respublikanın quraq dəmyə bölgələrində  artmışdır. Bu tipli bir çox hibrid formaların tarla şəraitində suvarma rejimindən asılı olaraq fizioloji xüsusiyyətlərinin öyrənilməsi yeni quraqlığa davamlı hibridlərin seçilməsinə zəmin yaratmışdı.

Əkinçilik ET İnstitutunda aparılan seleksiya proqramının yeni istiqamətlərindən biri də buğdanın  seleksiyası üzrə dünyada məhşur olan CIMMYT (Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəzi) və ICARDA (Quraq Bölgələrdə Kənd Təsərrüfatı Tədqiqatları Beynəlxalq Mərkəzi) ilə aparılan birgə tədqiqatlardır. Akademik həmin təşkilatlarla birgə əməkdaşlıq üçün müraciət etdikdən sonra 1995-ci ildə CIMMYT və ICARDA-nın Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə əlaqələndiriciləri Azərbaycanda səfərdə olmuşlar. Əkinçilik İnstitutunda və onun müxtəlif bölgələrdə yerləşən təcrübə bazalarında aparılan seleksiya işləri ilə tanışlıqdan sonra, onlar burada seleksiya işlərinin beynəlxalq səviyyədə aparılmasının şahidi olur. Azərbaycanda taxıl sortlarının seleksiyasının yüksək səviyyəsi CIMMYT-in rəhbərliyində böyük maraq doğurduğundan 1996-cı ildə birgə  əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Elə həmin dövrdən başlayaraq mütəmadi qaydada hər il iki mindən artıq müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və hibridləri CIMMYT və ICARDA təşkilatlarından Azərbaycana göndərilməyə başlanılmışdır. Onlar akademik C.Əliyevin rəhbərliyi ilə ayrı-ayrı bölgələrdə öyrənilmiş və yeni yerli hibrid nəsillərin yaradılmasında istifadə olunmuşdur.

Onun müntəzəm olaraq institutun bölgələrdəki təcrübə bazalarında seleksiya materiallarını qiymətləndirməsi, istehsalat üçün sortların seçilməsi istiqamətində apardığı məqsədyönlü işlər öz bəhrəsini vermişdi. Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının (SNSMDK) qərarı ilə rayonlaşmış və yüksək arxitektonikaya malik Əzəmətli 95, Qobustan,   Nurlu 99, Ruzi 84, Aran, Tale 38, Qırmızı gül 1, Qızıl buğda, Zirvə 85, Fatimə, Günəşli, Şəfəq 2, Ləyaqətli 80, Yeganə, Pirşahin 1, Pərvin buğda sortlarının sürətlə istehsalata tətbiq olunması respublikanın taxıl istehsalının daha da artırılmasına səbəb olmuşdur. C.Əliyevin bu sortlarının əsas müsbət cəhətləri əkin səviyyəsində sünbüllərinin bir bərabərdə paylanması, yarpaqlarının qısa və ensiz olub, gövdəyə nisbətən şaquli yerləşdiyindən vegetasiya müddətində uzun zaman fotosintetik fəaliyyətdə olmasıdır. Artıq respublikada geniş əkin sahəsi tutan bu buğda sortlarının optimal becərmə şəraitində məhsuldarlığı hektara 6-8 ton təşkil edir.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunan 600-dən artıq elmi əsərdə, o cümlədən 25-dən artıq monoqrafiya və kitabda öz əksini tapmışdır. Müxtəlif ixtiralarına görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. O, iştirakçısı olduğu mötəbər simpozium, konfrans və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Dünyanın bir çox ölkələrinin beynəlxalq təşkilatları, mütəxəssisləri və ölkədə çalışan tanınmış elm xadimləri əldə olunan nailiyyətlərlə tanış olduqdan sonra etiraf etmişlər ki, Azərbaycanda akademik Cəlal Əliyevin rəhbərliyi ilə buğda tədqiqatları üzrə güclü bir seleksiya mərkəzi yaranmışdır. Nəzəri tədqiqatlara əsaslanan, daima təkmilləşən və dünya elmi ilə müntəzəm surətdə inteqrasiyada olan bu mərkəz daima dinamik inkişaf yolundadır. Yaradılmış elmi baza, zəngin taxıl genofondu, elmi əsaslanldırılmış selekisya proqramı bu mərkəzin əsas hərəkətverici qüvvəsidir. Rusiya, Ukrayna, Belorus Kənd Təsərrüfatı Elmləri Akademiyalarının və nüfuzlu elmi şuralarında  üzv olmuş Cəlal Əliyev, o cümlədən bir sıra beynəlxalq və milli cəmiyyətlərin də, Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin (1994), Amerika Bitki Bioloqları Cəmiyyətinin (1994), Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin 1998) üzvü olmuşdur. Eyni zamanda akademik YUNESKO yanında «Bioetika, elmi bilikilərin və texnologiyaların etikası» Milli Komitəsinin (1999) və Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin (1999) sədri olmuşdur. Cəlal Əliyev həmçinin 1994-cü ildən etibərən Azərbaycanda «Biologiya Elminin Yeni Sahələrinin İnkişafı» fondunun (BEYSİF) prezidenti, Bitki Genetik Ehtiyatlar üzrə Rəhbər Komitənin sədri və Genetik Ehtiyatlar üzrə Milli Proqramın rəhbəri (1996), Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birliyin səlahiyyətli nümayəndəsi (2004) olmuşdur.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun tale yüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlı olmuşdur. Ölkəmizdə XX əsrin axırlarında сərəyan edən mürəkkəb iсtimai-siyasi proseslərdə akademik əsil vətəndaş mövqeyi tutmuş, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermişdir. Сəlal Əliyevin 1995-2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olmuşdur. Milli Məclisin deputatı olan akademik C.Əliyev parlamentdə təhsillə, elmlə və kənd təsərrüfatı ilə bağlı məsələlərin müzakirələrində fəal iştirak etmiş və həmişə də öz prinsipiallığı ilə fərqlənmişdir.

Akademik Cəlal  Əliyev elm qarşısında böyük xidmətlərinə görə 2 dəfə «Qırmızı  əmək bayrağı» (1978, 1986), Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı-«İstiqlal» (1998) və «Şərəf» (2013) ordenləri ilə təltif olunmuşdur. Dünya şöhrətli alimin yaratdığı elmi məktəb, buğda sortları, zəngin buğda genofondu, yazdığı qiymətli elmi əsərlər Azərbaycan xalqının Milli sərvətidir. Akademik Cəlal Əliyevin yaratdığı elm məktəbi və onun təmsilçiləri Cəlal Əliyev irsinin yaşadılması, onun qorunub gələcək nəsillərə olduğu kimi çatdırılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi naminə bundan sonra da əzmlə çalışacaqdır!

 

© 2020 Əkinçilik ETİ