Xəbərlər

İnstitutun əməkdaşları toxumçu fermerin müraciətinə əsasən əkin sahələrinə baxış keçiriblər

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının müdiri Namella Əzizova və laboratoriyanın aparıcı elmi işçisi Ehtibar İbrahimov toxumçu fermer Namiq Qurbanovun müraciətinə əsasən mövcud vəziyyəti aydınlaşdırmaq üçün Bərdə rayonuna səfər ediblər. İnstitutun əməkdaşları bitkilərin kütləvi şəkildə məhv olması ilə bağlı fermerin Arabaçılar kəndi ərazisində yerləşən buğda əkini sahələrində baxış keçiriblər.
Əkin sahələrinin fitosanitar vəziyyətini müəyyənləşdirmək məqsədilə keçirilən müşahidə və uçot zamanı buğda əkinlərində Taxıl böcəyinin (Zabrus tenebrioides Goeze) sürfələrinin kütləvi yayılması və 5 ha buğda sahəsinin məhv olması müəyyənləşdirilib. 
Buğda sahələrində aparılan qazıntı zamanı 1m2-də taxıl böcəyinin sürfələrinin sayı 30-70 ədəd arasında olub. Bu göstərici iqtisadi ziyanlı həddən dəfələrlə yüksəkdir və buna görə buğda sahəsində bitkilər zədələnmə nəticəsində tamamilə məhv olub.
Aşkar olunan sürfələr əsasən 3-4 yaş fazasında olub. Zərərvericinin tezliklə pup mərhələsinə keçəcəyi, yeni buğda bitkisinin mum yetişmə mərhələsində dənə ciddi ziyan vuracağı fermerə izah olunub. Bunun qarşısının alınması üçün fermerə kimyəvi mübarizənin aparılmasının lazım olduğu bildirilib. Bunun üçün tövsiyə olunan insektisid, onun tərkibi, dozası və tətbiqinə dair ətraflı məlumat verilib.
© 2020 Əkinçilik ETİ