Xəbərlər

Türkiyəli alimlə görüş geçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Türkiyənin Cənub-Şərqi Anadolu Bölgəsi Diyarbəkir vilayətinin Diclə Universitetinin Əkinçilik fakültəsi, əkinçilik  strukturları və suvarma kafedrasının professoru, dr., Öner Çetinlə görüş keçirilib. Görüşdə ƏETİ-nin direktoru a.e.ü.f.d, dosent Faiq Xudayev institutun fəaliyyət istiqamətləri, elmi-tədqiqat işləri və nailiyyətləri haqqında qonağa ətraflı məlumat verib.

Sonra Ö.Çetin öz fəaliyyəti, əsasən əkinçilikdə  suvarma mexanizmləri, onların düzgün təşkili barədə məruzə edib. O, suvarma prosesinin düzgün aparılmadığı təqdirdə yaranan problemlərlə bağlı tövsiyyələr verib.

Əkinlərin məhsuldarlığı arasında əlaqədar suvarmanın rolu, müxtəlif əkinlər üçün suvarma qrafikinin qurulması, su ilə əkinlərin məhsuldarlığının əlaqəsi və müxtəlif suvarma üsullarının müqayisəsi, damcı suvarma üzrə elmi-tədqiqat layihələri barədə fikir mübadiləsi aparılıb.  

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq çərçivəsində işlərin qurulması haqqında müzakirələr aparılıb. Müzakirələrdən sonra institutun bütün şöbə və laboratoriyalarına və təcrübə sahələrində baxış keçirilib. Ö.Çetin təcrübələrin vəziyyəti, müxtəlif yerli buğda sortları, onların hazırki vəziyyəti və məhsuldarlığı barədə ətraflı şəkildə məlumatlandırılıb.

İnstitutdan ayrıldıqdan sonra Bakı şəhərinə təşkil edilən ekskursiya zamanı şəhərin mənzərəli yerləri, tarixi abidələri, təhsil-mədəniyyət idarələri, parkları ilə tanışlıq həyata keçirilib. Azərbaycana ilk dəfə səfər edən Ö.Çetin Azərbaycanın tarixi haqqında geniş şəkildə məlumatlandırılıb. O, Azərbaycana səfərindən və ƏETİ-də keçirilən görüşdən məmnunluq duyduğunu bildirib.

© 2020 Əkinçilik ETİ