Türkiyə Respublikasının Caso Seed şirkətinin əməkdaşı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub
Caso Seed şirkətinin (Türkiyə, Yenişehir / Diyarbakir, Caso Toxum Sənaye və Tic. Ltd.) texniki meneceri Dr. Z. Bülent Tunçgöğüs əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) direktor Faiq Xudayev və institutun istehsalat üzrə direktor müavini Qərib Novruzlu ilə görüşüb. Tərəflər arasında tanışlıq məqsədilə danışıqlar aparılıb. ƏETİ-nin rəhbərliyi institutun yaranma tarixi, elmi və təşkilatı fəaliyyəti, institutun mandatına daxil olan bitkilər və onların toxumçuluğu haqqında geniş məlumat verib.
Görüş zamanı Dr. Z. Bülent Tunçgöğüs şirkət haqqında məlumat verərək bildirib ki, Caso Seed tarla və sənaye bitkiləri toxumlarının istehsalı, inkişafı və bazara çıxarılması məqsədilə yaradılmış özəl toxumçuluq şirkətidir. CASO SEED brendi ilə həm ölkə daxilində, həm də xaricdə məhsul tədarük edilir. Müəssisə illik olaraq 12 min ton toxumluq buğda, 5 min ton pambıq toxumu, 4 min ton toxumluq mərcimək emal etmə gücünə malikdir. 7-dən çox strateji əhəmiyyətə malik ölkə ilə əməkdaşlıq edilir. Daha sonra bildirib ki, toxum keyfiyyətinin yaxşılaşdırılması və daha davamlı sortların inkişafı üçün davamlı tədqiqat və təkmilləşdirmə fəaliyyətlərinə sərmayə qoymaqla kənd təsərrüfatının gələcəyinə işıq salmaq istəyirik.
Tərəflər arasında danışıqlar aparıldıqdan sonra qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə razılıq əldə olunub.