Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində elmi-tədqiqat işləri davam edir

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri, b.ü.f.d.,dosent Təmraz Təmrazov tərəfindən institutun nəzdində fəaliyyət göstərən Şəki Dayaq Məntəqəsində “Yerli və introduksiya olunmuş buğda genotiplərində yüksək məhsuldarlığı və stres amillərinə davamlılığını şərtləndirən morfo-fizioloji, biokimyəvi, aqronomik əlamətlərinin müəyyən edilməsi və seleksiyada istifadəsi” mövzusu üzrə elmi-tədqiqat işi aparılır.
Mövzu planına uyğun olaraq aidiyyəti bölgədə yetişmə müddətlərinə görə fərqlənən bərk və yumşaq buğda sortnümunələrindən ibarət təcrübələrdə müxtəlif morfofizioloji əlamətlərə görə qiymətləndirmənin aparılması, fenoloji müşahidələrin qeyd olunması və xlorofilin ölçülməsi həyata keçirilir.
Mövzu planına uyğun təcrübələrin aparılması ilə əlaqədar olaraq, məntəqənin rəhbərliyi və əməkdaşları ilə müvafiq müzakirələr aparılıb.
Şəki DM-nin təcrübə sahəsində yetişmə müddətinə görə fərqlənən 47 nümunədən ibarət qoyulmuş təcrübələrdə fenoloji müşahidələr aparılıb. Morfofizioloji göstəricilərə görə müxtəlif buğda sortnümunələri qiymətləndirilib. Hər bir nümunədə müxtəlif yarus yarpaqlarda 5 təkrarda olmaqla müxtəlif vaxtlarda xlorofilin miqdarı Spadmetr cihazı ilə ölçülüb. Digər nəzərəçarpan əlamətlər də qeyd edilib, lazımi qeydlər aparılıb, yerində müvafiq təkliflər verilib.
Qoyulmuş təcrübədə sortnümunələrinin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Davamlı olaraq növbəti fenoloji fazalarda ölçmələrin və qiymətləndirmənin aparılması nəzərdə tutulub.
Təcrübə üzərində morfofizioloji əlamətlər hər bir faza üzrə qiymətləndiriləcək və bəzi fizioloji ölçmələr aparılacaq. Bu da tədqiq olunan nümunələrin yerli şəraitə uyğunlaşaraq seçilməsi və məhsuldarlığa görə qiymətləndirilmənin aparılması üçün vacib şərtlərdən hesab olunur.
© 2020 Əkinçilik ETİ