Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Qazaxda keçirilən Aqrar Biznes Festivalında iştirak edib

Qazax rayonu Olimpiya İdman Kompleksinin ərazisində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar Biznes Festivalı keçirilib.

Festivalda Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri və tabeli qurumları, o cümlədən Əkinçilik Elmi – Tədqiqat İnstitutunun nümayəndələri, həmçinin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından olan fermerlər iştirak edib iştirak ediblər.

Türkiyə, Özbəkistan və Qazaxıstanın Azərbaycandakı səfirləri, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi də festivalı ziyarət edib, şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.

Tədbirdə çıxış edən natiqlər fermerlərin maarifləndirilməsi istiqamətində bu cür tədbirlərin əhəmiyyətinə toxunub, kənd təsərrüfatı istehsalçılarının aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivallarda əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayıblar.
Festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələrini bölüşüblər. Festivalın sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, yeni suvarma texnologiyaları və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları sərgilənib.

Tədbirdə ƏETİ-nin mandatına daxil olan bitki nümunələrinin toxumları, yumşaq və bərk buğda, arpa, vələmir, çəltik, çovdar, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras və digər nümunələr nümayiş olunub.
İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.

© 2020 Əkinçilik ETİ