Əkinçilik Elmi-Tədq iqat İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Yevlax rayonunda keçirilən respublika müşavirəsində iştirak edib
Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi (KTN), İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “Azərşəkər” MMC, “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) rəhbərliyi və nümayəndələri də iştirak ediblər.
Tədbirdə Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, müvafiq dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və fermerlər iştirak ediblər.
Müşavirənin keçirilməsində məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.
Müşavirədə kənd təsərrüfatı sahəsində tətbiq olunan iqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş olunub. O cümlədən ƏETİ tərəfindən institutun mandatına daxil olan bitki nümunələrinin toxumları, yumşaq və bərk buğda, arpa, vələmir, çəltik, çovdar, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras, çörək nümunələri, məlumatlandırıcı bukletlər, tövsiyyələr, kitablar və digər nümunələr sərgilənib.
Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.