Xəbərlər

Əkinçilik ETİ-nin əməkdaşları Mərakeşə işgüzar səfər ediblər

Kənd Təsərrüfatı nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova və istehsalat üzrə direktor müavini, Arpa proqramının rəhbəri  Qərib Novruzlu  Azərbaycanda aqrar sahənin inkişafının təmin edilməsi, elmi əməkdaşlığın genişləndirilməsi və seleksiya prosesinin sürətləndirilməsi məqsədi ilə  institutda həyata keçiriləcək  bərk  buğda və arpa bitkiləri üzrə təkmilləşdirilmiş Seleksiya Proqramının hazırlanması üçün Mərakeş, Rabatda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz - ICARDA-da işgüzar səfərdə olublar.

ƏETİ və ICARDA arasında elmi əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə təkmilləşdirilmiş Seleksiya Proqramını əhatə edən Layihə təklifinin hazırlanmasına həsr edilimiş səfərin proqramına uyğun olaraq ICARDA-nın Biomüxtəliflik və Bitkilərin Yaxşılaşdırılması Proqramının rəhbəri Michel Baum, Bərk buğda proqramının rəhbəri Filippo Bassi və  Arpa proqramının rəhbəri Miguel Sanchez-Garcia ilə görüləcək işlər müzakirə edilib.

ICARDA-da buğda və arpanın seleksiya prosesi üzrə aparılan tədqiqatlar, “Bərk buğda seleksiyası”, “Arpa seleksiyası” şöbələri, “Fizioloji tədqiqatlar”, “Xəstəlik və zəzrərvericilərə qarşı inteqrir mübarizə”, “Toxum keyfiyyəti”, “Qida keyfiyyəti”  laboratoriyaları, Orta və uzun müddətli genbank üzrə fəaliyyət istiqamətləri və sortalma müddətinin qısaldılması üçün sürətli seleksiya metodları tətbiq edilən infrastrukturlarla tanış olublar.

Filippo Bassi  və  Miguel Sanchez-Garcia  tərəfindən ICARDA-nın Bərk buğda və Arpa seleksiyası üzrə təqdimatlar edilib. Öz növbəsində S.Məmmədova da ƏETİ-nin strukturu, fəaliyyət istiqaməti, seleksiya proqramları, mandatına daxil olan bitkilər üzrə aparılan tədqiqatlar  və s. üzrə təqdimat edib.

Mashrush Bölgə Təcrübə Stansiyasında (BTS)  Bərk buğda və  Arpa proqramları üzrə hibridləşmə planının tərtib edilməsi, çarpazlaşma və sonrakı nəsillərdə seçmə aparılması metodologiyası,  seleksiya prosesində istifadə edilən sürətli seleksiya, sıfır becərmə və s.  avadanlıq və texnikalar əyani nümayiş etdirilib.

Mashrush BTS-də “Tarla günü”  tədbirində iştirak edərək, Mərakeş kənd təsərrüfatı naziri Mohammed Sadiki, aqrar sahə üzrə müvafiq təşkilat və şirkət nümayəndələri ilə görüşüblər. 

Təkmilləşdirilmiş Seleksiya Proqramını əhatə edən layihə təklifinin hazırlanması üçün ikitərəfli müzakirələr aparılıb, ƏETİ-də arpa və bərk buğda seleksiyasının mərhələləri, sınaqların aparılma metodları və s. üzrə böşluqlar müəyyən edilib. Layihə təklifinin ilkin varıntının zoom görüşü vasitəsilə müzakirə edilməsi razılaşdırılıb.

© 2020 Əkinçilik ETİ