Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tarla seminarı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda tarla seminarı keçirilib. Tədbir AR KTN və ƏETİ-nin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə institutun direktoru Faiq Xudayev açıb. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, KTN “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Tərtər DAİM-in direktoru Mehman Babayev, Ağstafa Aqroparkın direktoru və Rubicon Water şirkətinin Azərbaycanda nümayəndəsi Anar Orucov, Tərtər BTS-in direktoru Rəşad Familzadə çıxış ediblər.

Tədbirdə tarla seminarının əhəmiyyətindən danışılıb, aktual məsələlərə toxunulub. Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Qeyd ediblər ki, bu, Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir.

Tədbirdə KTN-nin, ƏETİ-nin, DAİM-nin, aidiyyatı şirkətlərin nümayəndələri, mütəxəssislər, bölgə fermerləri, həmçinin SMK QLD şirkətinin rəhbəri, əkin sahələrinin layihələndirilməsi üzrə sertifikatlaşdırılmış, mütəxəssis Jeff Jones iştirak ediblər. Onu da qeyd edək ki, mütəxəssis Ağstafa Aqroparkın və MKT IK MMC əkin sahələrinin effektivliyinin artırılması, xüsusən müasir innovativ texnologiya olan Rubicon Water avtomatlaşdırılmış səthi suvarma texnologiyalarının əkin sahəsinə uyğunlaşdırılması və nəticədə 100% ətrafında əlavə məhsuldarlıq və xərclərə qənaət etmək məqsədilə baxış keçirmək üçün Azərbaycana 5 günlük səfərdədir.

Tədbirin sonunda əkin sahələrinin və tədqiqat prosesinin nümayişi həyata keçirilib, mütəxəssislərlə müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ