Xəbərlər

Çəltikçilik üzrə aparılan işlərin miqyası genişləndirilir

Azərbaycanda çəltikçilik ənənəvi sahələrdən biri olduğuna görə daim diqqət mərkəzində olmuşdur. Buna görə də xalq seleksiyası yolu ilə yaradılan bir sıra sortlar - "Ağ ənbərbu", "Vilgəri", "Yetim", "Lənkəran sədrisi", "Ağ qılçıqlı" və digər sortlar uzun illər respublikada becərilib.

Keçmiş Sovetlər dönəmində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) respublikanın müvafiq bölgələrinə ekspedisiyalar təşkil edilərək kolleksiya toplanmış, çəltik bitkisi üzrə tədqiqatlar aparılmış, lakin son 60-70 il ərzində bu bitki üzrə toplanmış kolleksiya və yaradılmış sortlar itirilərək toxumçuluğun təşkili işləri dayandırılmışdır.

"Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı"nın qəbul edilməsi ilə əlaqədar olaraq 2021-ci ildə Dövlət Proqramının icrası ilə bağlı ƏETİ tərəfindən çəltikçiliyin inkişafının elmi əsaslarla təşkili məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Müxtəlif regionlarda monitorinqlər aparılıb, sahibkarlar və fermerlərlə görüşlər keçirilib. Eyni zamanda yerli və xarici (Türkiyə, Pakistan, İran) ölkələrdən gətirilən genofond Lənkəran rayonunda elmi-tədqiqat işlərinə daxil edilmişdir.

2022-ci ildə ƏETİ-də "Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası" şöbəsi, 2023-cü ildə isə Lənkəran Dayaq Məntəqəsi (DM) yaradılmış, institutun mandatına daxil edilən bu bitki üzrə seleksiya və toxumçuluq işlərinin aparılması üçün 2020-2024-cü illəri əhatə edən tədqiqat mövzusu təsdiq edilmişdir. Yerli və müxtəlif mənşəli (Türkiyə, Pakistan, İran və s.) çəltik nümunələrindən yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortların yaradılması, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işləri aparılır. Azərbaycanda son 50 ildə ilk dəfə olaraq 2022-ci ildə istehsal olunan "Avanqard" çəltik sortunun orijinal və super elit toxumu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılmışdır.

2022-ci ildə yaradılmış "Zəfər 44", "Bəstə" və 2023-cü ildə yaradılmış "Uran" çəltik sortları rayonlaşdırılması üçün Aqrar Xidmətlər Agentliyinə təqdim edilmişdir.

Cari ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025- ci illər üçün Dövlət Proqramı"nda təsbit olunmuş vəzifələrə uyğun olaraq yerli istehsal hesabına tələbatın ödənilməsi, toxumçuluğun inkişafı istiqamətində müvafiq fəaliyyətlərin genişləndirilməsi baxımından Lənkəran DM-də tədqiqatların aparılması və toxumçuluğun təşkili məqsədləri üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20 ha torpaq sahəsi ayrılmış, nəqliyyat vasitəsi verilmiş, seleksiya və toxumçuluq işlərinin aparılması üçün zəruri olan cihaz, avadanlıq və texnikalar alınmışdır.

Ayrılmış 20 ha sahədə 2024-cü vegetasiya ili üçün müvafiq torpaq becərmə işləri aparılıb, çəltik genofondunun tədqiqi, yerli şəraitə uyğun formaların seçilməsi istiqamətində tədqiqatların aparılması ilə yanaşı, "Avanqard" sortunun artırma, super elit və elit əkinləri, rayonlaşmaya təqdim edilmiş yeni "Zəfər 44", "Bəstə" və "Uran" sortlarının orijinal toxumluq əkilərinin aparılması məqsədi ilə yetişdirilmiş şitillərin sahəyə köçürülməsi ilə əkin aparılmışdır. Növbəti illərdə fermerlərin sertifikatlı çəltik toxumuna olan ehtiyacları daxili imkanlar hesabına qarşılanacaqdır.

© 2020 Əkinçilik ETİ