Xəbərlər

Akademik Cəlal Əliyevin 96-cı il dönümünə həsr olunmuş tədbir keçirilib

 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əlirza oğlu Əliyevin 96-cı il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri institutun direktoru Faiq Xudayev açaraq iştirakçıları salamlayıb və akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. F.Xudayev çıxışı zamanı diqqətə çatdırıb ki, əlamətdar bir haldır ki, bu günkü  tədbir həyatını Azərbaycanda biologiya və aqrar elmlərinin inkişafına, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə sərf edən, dünya elminə böyük töhfələr vermiş görkəmli azərbaycanlı alim, ictimai xadim, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin 96-cı il dönümünə həsr olunub.

İllər ötəcək, onilliklər keçəcək, ancaq görkəmli şəxsiyyət, akademik Cəlal Əliyevin yaratdığı məktəb, qoyduğu irs heç vaxt öz qüdrətini itirməyəcək, bitib tükənməyəcək və hər zaman şərəflə müstəqil, firavan, qüdrətli Azərbaycan dövlətinin və xalqının xidmətində olacaq.

Tədbirdə akademik Cəlal Əliyevin tələbələri Səməd Səfərov və Rafael  Mahmudov, ƏETİ-nin “Bitki seleksiyası” şöbəsinin  aparıcı elmi işçisi Bəhlul Abbasov, “Dənin keyfiyyəti” laboratoriyasının müdiri Qətibə Həsənova Qobustan BTS-in direktoru Atabəy Cahangirov, institutun “Bitki fiziologiyası” şöbəsinin müdiri Tofiq Allahverdiyev, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Mehdi Mehdiyev çıxış ediblər. Çıxışlar zamanı akademikin böyük xidmətləri bir daha iştirakçıların diqqətə çatdırılıb.

Akademik Cəlal Əliyev fundamental araşdırmaları və elmi nailiyyətləri ilə Azərbaycanda biologiya və aqrar elmlərin bir sıra yeni istiqamətlərini müəyyənləşdirib və onların aktual problemlərinin həllinə qiymətli töhfələr verib. Alimin nəzəriyyə və təcrübənin vəhdətini daim əsas götürməklə qazandığı nəticələrin tətbiqi respublika kənd təsərrüfatının inkişafı və məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edib. Cəlal Əliyevin ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında böyük xidmətləri olub.

Akademik Cəlal Əliyev ömrünü yalnız elmi yaradıcılığa həsr etməmişdir, bir elm adamı, adı böyük hərflərlə yazılmış Azərbaycan vətəndaşı kimi, hər zaman gənc alimlərə arxa-dayaq, böyük məsləhətçi olub. Belə ki, tükənməz enerjiyə malik olmuş görkəmli alimin biologiya və aqrar elmlər sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmsında müstəsna rolu olub. Bu gün Cəlal müəllimin yetirmələri dünyanın müxtəlif tədqiqat mərkəzlərində və təhsil müəssisələrində uğurla çalışırlar və Azərbaycan elminin nailiyyətlərinin tanıdılması istiqamətlərində təqdirəlayiq işlər görürlər.

Daha sonra diqqətə çatdırılıb ki, Akademik Cəlal Əliyev tərəfindən fotosintezin ilkin proseslərinin məhsuldarlıqla əlaqəsi ilə bağlı ölkədə ilk tədqiqatlar aparılıb, biologiyanın yeni istiqamətləri, fiziki-kimyəvi biologiya, xüsusilə fotosintez sahəsində öz layiqli məktəbini yaratmış, onun tədqiqatları əsasında məhsuldar, mühitin qeyri-əlverişli amillərinə davamlı buğda sortları yaradılmış, yüksək keyfiyyətli dən məhsulunun alınmasını təmin edən fizioloji və biokimyəvi əsaslar işlənib hazırlanıb. Onun yaratdığı onlarla bərk və yumşaq buğda sortları, o cümlədən “Bərəkətli 95”, “Qarabağ, Əzəmətli 95”, “Qobustan”, “Qırmızı gül 1”, “Tale 38”, “Ləyaqətli 80” bu gün də respublikamızda geniş ərazilərdə becərilir.

Akademik Cəlal Əliyevin alim əməyi və ictimai fəaliyyəti xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, əməkdar elm xadimi adına layiq görülüb, elmin inkişafında böyük xidmətlərinə görə Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatları, “İstiqlal” (1998) və “Şərəf” (2013) ordenləri ilə təltif olunmuşdur.

Xalqına və dövlətinə ləyaqətlə xidmət etməyi hər şeydən üstün tutan görkəmli elm korifeyimiz, əsl elm fədaisi, xalqın elçisi adını şərəflə daşıyan ləyaqətli və mübariz millət vəkili Vətənimiz Azərbaycanın azad, firavan gələcəyi və çiçəklənməsi naminə tükənməz enerji və sevgi sərf etmiş akademik Cəlal Əliyevin mənalı ömür yolu, elmi irsi hər birimiz üçün bir örnək olaraq qalacaq.

Tədbirdə çıxış edən alimlərin elmi məruzələri alim və mütəxəssislər, o cümlədən digər iştirakçılar tərəfindən böyük maraqla dinlənilib. Onu da qeyd edək ki, akademik Cəlal Əliyevin tələbəsi Səməd Səfərov tərəfindən instituta görkəmli alimin portreti hədiyyə olunub.

Tədbirin yekununda institutun direktoru F.Xudayev çıxış edərək əməkdaşlara məruzələrə görə təşəkkürünü bildirib. Akademik Cəlal Əliyevin apardığı tədqiqatların dünya miqyasında böyük əhəmiyyətini bir daha vurğulayan böyük alim və müəllimin yaratdığı elmi məktəbin bundan sonra da yaşayacağını, daha da genişlənəcəyini, yeni-yeni uğurlara imza atmağa davam edəcəyini bildirib.

© 2020 Əkinçilik ETİ