Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Rusiyalı mütəxəssislərlə görüş keçirilib

Rusiyanın  Federal  Dövlət Büdcə Təşkilatı “Çəltik Federal Elmi Mərkəzi”-nin “Toxumçuluq və toxumşünaslıq” laboratoriyasının müdiri  Dmitri Aleksandroviç Pişenko və Rusiya  Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasındakı nümayəndəsi Nikita  Aleksandroviç Qonçarenko Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ)  səfərdə olublar.

ƏETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini Qərib Novruzlu, Buğda və çəltik proqramının rəhbəri, “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev qonaqlarla görüşüb.

Qonaqlar “Çəltik Federal Elmi Mərkəzi” tərəfindən Rusiya aqrarsənaye kompleksində çəltikçilik məsələləri üzrə elmi metodiki təminatın həyata keçirildiyini, əsas fəaliyyət istiqamətləri kimi yüksək məhsuldarlığa və dən keyfiyyətinə malik biotik və abiotik stress amillərinə davamlı çəltik sortlarının yaradıldığını, çəltiyin genetikası, biotexnologiyası və fiziologiyası sahəsində fundamental tədqiqatların aparıldığını, ilkin və sənaye toxumçuluğu texnologiyasının təkmilləşdirildiyini, çəltik becərilmə texnologiyalarının işləndiyini,  qabaqcıl elmi işlərin istehsalata tətbiqi və yüksək ixtisaslı kadrların hazırlandığını bildiriblər.

Görüş zamanı  “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı” və 2021-ci ildə Dövlət Proqramının icrası ilə əlaqədar olaraq ƏETİ-də çəltikçiliyin inkişafının elmi əsaslarla təşkili məqsədilə görülən tədbirlər, toplanan genofond kolleksiyası, 2022-ci ildə  “Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası” şöbəsinin, 2023-cü ildə Lənkəran Dayaq Məntəqəsinin yaradılması, institutun mandatına daxil edilən bu bitki üzrə seleksiya və toxumçuluq işlərinin aparılması üçün tədqiqat mövzusunun təsdiq edilməsi rusiyalı əməkdaşların diqqətinə çatdırılıb.

2022-ci ildə “Zəfər 44”, “Bəstə”, 2023-cü ildə “Uran” çəltik sortlarının yaradılması və rayonlaşdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə Dövlət sınağına təqdim edilməsindən bəhs edilib.

Daha sonra stress amillərə davamlılıq genlərinə malik, müxtəlif mənşəli çəltik nümunələrinin seleksiya proqramına cəlb edilməsi və toxumçuluğun təşkilində beynəlxalq təcrübənin istifadəsinin əhəmiyyətinə əsaslanaraq respublikamızda Rusiya mənşəli nümunələrin yerli torpaq-iqlim şəraitinə uyğunluğunun müəyyənləşdirilməsi və seleksiya  istiqamətində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 Qarşılıqlı əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması razılaşdırılıb.

© 2020 Əkinçilik ETİ