Xəbərlər

“İqlim dəyişikliyi təsirlərinə uyğunlaşmada ənənəvi və alternativ yem bitkilərinin rolu” mövzusunda tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatı Birliyində (YTTB) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aqrar sahədə çalışan fermerlər və sahibkarlar üçün “İqlim dəyişikliyi təsirlərinə uyğunlaşmada ənənəvi və alternativ yem bitkilərinin rolu” mövzusunda tədbir keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova açılış nitqi ilə iştirakçıları salamlayıb. O, COP29-un əhəmiyyətindən və Əkinçilik ETİ-də keçirilən silsilə tədbirlərin davamı kimi ənənəvi və alternativ yem bitkilərinin heyvandarlığın inkişafındakı rolundan bəhs edib. Sonra proqram üzrə institutun əməkdaşları Rasib Zeynalov, Sevil Abbasquliyeva, Atif Zamanov, Abdürrəhman Adıgözəlov “Sənayeləşmiş heyvandarlığın ekoloji təsirləri”, “Alternativ yem bitkilərinin heyvandarlıqda istifadə perspektivləri”, “Heyvanların yemləndirilməsində silosun əhəmiyyəti”, “Alternativ yem bitkilərinin konservləşdirilməyə uyğunluğu” mövzularında çıxış ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Zakir Əzimov, ASK-nin üzvü Mahir Quliyev, Goradil kəndindən təsərrüfatçı Natiq Əliyev və başqaları tərəfindən səsləndirilən suallar cavablandırılıb.

Abşeron YTT-da tədqiqat məqsədilə yerli və xarici yonca, soya sortlarının pitomniklərinə, alternativ yem bitkilərinin maralfalfa, amarant, bamya, darı, sorqo, soris və s. bitkilərin əkildiyi sahələrə baxış keçirilib. Tədbir zamanı movcud problemlər haqqında geniş diskussiyalar aparılıb.

© 2020 Əkinçilik ETİ