Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Milli təhlükəsizliyin təmin edilməsində yerli şəraitə uyğunlaşan, yüksək məhsuldar qarğıdalı sortlarının yaradılmasının əhəmiyyəti” mövzusunda tarla seminarı keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ)  Zaqatala Bölgə Təcrübə Stansiyasının (BTS) Pərzivan sahəsində  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Milli təhlükəsizliyin təmin edilməsində yerli şəraitə uyğunlaşan, yüksək məhsuldar qarğıdalı sortlarının yaradılmasının əhəmiyyəti” mövzusunda tarla seminarı keçirilib.

Seminarda ƏETİ-nin, Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM), Zaqatala BTS-in və Şəki Dayaq Məntəqəsinin (DM) əməkdaşları ilə yanaşı fermer və fərdi təsərrüfatçılar da iştirak edib.

Açılış sözü ilə ƏETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova çıxış edərək dəyişkən iqlim şəraitində heyvandarlığın yem bazasının gücləndirilməsi baxımından milli təhlükəsizliyin təmin edilməsində yerli şəraitə uyğunlaşan qarğıdalı sortlarının əhəmiyyətindən danışıb.

Proqram üzrə ƏETİ-nin “Bitki fiziologiyası” şöbəsinin əməkdaşı Sevda Abdulbaqiyeva “Qarğıdalı bitkisində məhsuldarlıq potensialının artırılması yolları,  “Torpaq və bitki analizləri” laboratoriyasının əməkdaşı Zahid Mustafayev  “Sahələrdə gübrəyə ehtiyacın müəyyən edilməsi ilə qarğıdalı bitkisinin qidalanmasına nəzarət” mövzularında çıxış ediblər.

“Xəstəlik və zərərvericilərə nəzarət” laboratoriyasının əməkdaşı Ehtibar İbrahimov “Qarğıdalı istehsalının səmərəliliyinə təsir edən biotik amillər, mövcud xəstəlik və zərərvericilər və onlara qarşı mübarizə üsulları” mövzusunda çıxışı zamanı sahədə bitkilər üzərində müşahidə edilən xəstəlik və zərərvericiləri, eləcə də onların yaratdığı fəsadları əyani şəkildə nümayiş etdirərək, ətraflı məlumat verib.

Daha sonra Milli Aviasiya Akademiyasının “Biofiziki cihazlar” şöbəsinin rəisi Ənvər  İsayev “Qarğıdalı istehsalının artırılmasında effektli tədbirlər mövzusunda çıxış edərək toxumların səpinqabağı işlənməsi texnologiyası üzrə ƏETİ ilə birgə icra edilən elmi-tədqiqat işlərinə dair məlumat verib.

Zaqatala DAİM-in əməkdaşı Rövşən Orucov qarğıdalı istehsalının artırılması üçün Şəki-Zaqatala bölgəsində əlverişli torpaq-iqlim şəraitinin mövcudluğunu və müvafiq tədbirlərin keçirilməsinin fermerlərin məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.  

Həmçinin Zaqatala BTS-in “Bitki seleksiyası və toxumçuluğu” şöbəsinin müdiri Mohuma Dinayev, “Əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri Nərgiz Abdullayeva  çıxış edərək yeni, məhsuldar və bazar tələblərinə cavab verən sortların yaradılmasında kolleksiya materialından istifadənin əhəmiyyətindən bəhs ediblər. 

Daha sonra təcrübə sahəsinə və ƏETİ-də yaradılan, yeni nəsil “Qürur”, “Ümid”, “Fəxri”, “Emil”, “Mirvari-18”,  “Ömər”, “Hacı-36” qarğıdalı sortlarının əkininə baxış keçirilib.

İştirakçılar arasında diskussiya və qarşılıqlı fikir mübadiləsi aparılıb.

© 2020 Əkinçilik ETİ