Xəbərlər

Azərbaycan-Tacikistan İşçi Qrupunun üzvləri Əkinçilik Elmi-Tədqiqat İnstitutuna səfər edib

Azərbaycan-Tacikistan İşçi Qrupunun üzvlərindən Tacikistan Aqrar Universitetinin rektoru Usmon Mamur, Tacikistan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, aqrar sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin və özəl sektorun nümayəndələrindən ibarət heyyət Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutuna (ƏETİ) səfər edib.

Qonaqları ƏETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova və istehsalat üzrə direktor müavini Qərib Novruzlu qarşılayıb.

Əməkdaşlıq əlaqələrinin yaradılması çərçivəsində kecirilən görüşdə tanışlıq məqsədilə qarşılıqlı məlumat mübadiləsi aparılıb.

S.Məmmədova institutun yaranma tarixi, strukturu, fəaliyyət istiqamətləri, mandatına daxil olan bitkilər, həyata keçirilən elmi tədqiqat proqramları, kadr potensialı, təcrübə stansiyaları, söbə və laboratoriyalar, Q. Novruzlu isə institut üzrə toxum istehsalı, yüksək məhsuldar taxıl sortlarının toxumçuluğunun təşkili, toxumçuluq sisteminin elmi əsaslarla təşkili və s. haqqında məlumat veriblər.

Tacikistan Aqrar Universitetinin (TAU) rektoru Usmon Mamur öz növbəsində məlumat verərək 1931-ci ildə təsis edilmiş universitetdə hazırda 38 ixtisas üzrə 9 fakültənin fəaliyyət göstərdiyini qeyd edib. Həmçinin 2015-ci ildən TAU-da bakalavr təhsilinin 5 yeni istiqaməti və 2 beynəlxalq magistr proqramı təqdim edilməklə, əsas prioritetin səriştəli aqrar-sənaye kompleksi mütəxəssislərinin hazırlanması olduğu vurğulanıb.

Daha sonra görüşdə tərəfləri maraqlandıran suallar səsləndirilıb. Sonda elmi-tədqiqat və təhsil sahələrində birgə təcrübə proqramlarının həyata keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə həyata keçirilə biləcək layihələr barədə müzakirələr aparılıb, mövcud imkanlar nəzərdən keçirilib. Qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb. Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirlər. Əlaqələrin yaradılması məqsədilə Anlaşma Memorandumunun imzalanması üçün razılıq əldə olunub.

Sonda qonaqlar ƏETİ-nin maddi-texniki bazası, şöbə və laboratoriyaları ilə yaxından tanış olublar.

© 2020 Əkinçilik ETİ