Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Respublika elmi-praktiki konfransında iştirak ediblər
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəstək məqsədilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda Respublika elmi-praktiki konfrans keçirilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, universitet rektorları, elmi-tədqiqat institutlarının direktorları və nümayəndələri, o cümlədən gənc tədqiqatçılar, elm xadimləri iştirak ediblər.
Çıxış edən rəsmilər konfransda müzakirə olunan mövzulardan bəhs ediblər. Mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağını vurğulayıblar.
Respublika elmi-praktiki konfrans öz işini 24-25 sentyabr tarixi üçün nəzərdə tutulan 9 bölmə iclası ilə davam etdirib.
Beynəlxalq konfransın əsas əhatə etdiyi mövzular “İqlim dəyişmələri və bitki mühafizəsi”; “İqlim dəyişmələrinin zərərvericilərin yayılması və inkişaf dinamikasına təsiri”; “Bitki xəstəliklərinin patogenezində iqlim amilllərinin rolu”; “Bitki mühafizəsi və ətraf mühit”; “Pestisidlər, onların tətbiqi, vahid əkin sahəsinə düşən pestisid yükünün tənzimlənməsi”; “Zərərli orqanizmlərin idarə edilməsi və stress amilləri”; “Biotik və abiotik stress amillərinin biomüxtəlifliyə təsiri”; “Ekoloji əkinçilikdə bitki mühafizəsinin xüsusiyyətləri”; “Pambıq və digər texniki bitkilərin becərilməsində iqlim dəyişkənliyinin fəsadları” və s. ibarət olub.
Tədbirin əsas məqsədi maraqlı tərəfləri bir araya gətirərək iqlim dəyişikliklərinin kənd təsərrüfatının müxtəlif sahələrinə, əsasən də bitkiçilik sahələrinə olan mənfi təsirlərinin azaldılması, mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılması istiqamətində bilik və təcrübə mübadiləsindən ibarət olub.
Konfransa iqlim dəyişikliklərinin kənd təsərrüfatının bitkiçilk sahələrinə olan mənfi təsirlərinin azaldılmasında və mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılmasında maraqlı olan alim və tədqiqatçılar dəvət edilib. Konfransın nəticəsi olaraq, alimlər arasında tərəfdaşlıqda gələcək irəliləyiş son strategiyalar əsasında qurulacaq.
Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri b.ü.f.d., dosent Təmraz Təmrazov və “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Atif Zamanov iştirak ediblər.
T.Təmrazov “Davamlı əkinçilikdə diversifikasiyanın bitkilərin yaşıl kütləsində biokimyəvi göstəricilərə təsiri”, A. Zamanov isə “Quraqlığın buğda bitkisinin məhsuldarlığına və məhsulun struktur elementlərinə təsiri“ mövzusunda təqdimatla çıxış ediblər. Məruzəçilər mövzu ətrafında yaranan suallara aydınlıq gətiriblər.
Təmrazova sertifikat təqdim olunub.