Anım Gününə həsr olunmuş tədbir keçirilib
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 44 Günlük II Qarabağ Müharibəsi Şəhidlərinə və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətandaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq tədbir keçirilib. Tədbiri institutun direktor müavini Qərib Novruzlu açıb. Kollektiv Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. II Qarabağ Müharibəsində və döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə kollektiv üzvlərindən Mehdiyev Mehdi, Sevindik Dünyamalıyev, Yasin Kərimov, Rüfət Mirzəyev, Əsmər Həsənova, Həlimə Məmmədova çıxış ediblər. Çıxış edənlər diqqətə çatdırıblar ki, Vətən müharibəsində minlərlə şəhid canlarından, qanlarından keçib, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Tədbirdə qeyd olunub ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimiz bundan sonra da dərin ehtiramla anılacaq. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.
Xatırladaq ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.