Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən institutun direktor müavini Qərib Novruzlu 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə, ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində - müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisənin baş verdiyini vurğulayıb. Q.Novruzlu qeyd edib ki, müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünyaşöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. “Bu gün layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilib və keçirilməkdə davam edir”. Daha sonra Vətən müharibəsində qazanılan böyük Qələbəyə toxunan Q.Novruzlu Azərbaycan Ordusunun ölkənin ərazi bütövlüyünü, dövlətin müstəqilliyini qorumağa qadir olduğunu bildirib.

Bundan başqa, institutun əməkdaşları Sevda Hacıyeva, Mehdi Mehdiyev, Qətibə Həsənova, Məleykə Şirinova və Fərid Qəhrəmanzadə çıxış edərək dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışaraq qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub.

Tədbirdə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

© 2020 Əkinçilik ETİ