Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Respublika Elmi Texniki Konfransında iştirak edib
Azərbaycan Texniki Universitetinin “Kimya texnologiya, təkrar emal və ekologiya” kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda su resursları: problemlər və yeni çağırışlar” mövzusunda Respulika Elmi Texniki Konfransı keçirilib.
Konfransda professor-müəllim heyyəti, müxtəlif aidiyyəti qurumların rəhbərləri, alimlər, elm xadimləri, o cümlədən gənc tədqiqatçılar iştirak ediblər.
Konfrans Ətraf mühit və su resursları, Suyun təmizlənməsundə kimyəvi texnoloji proseslərin rolu, Hidrobiologiya, Su təsərrüfatlarında mühəndis qurğuları, Xəzər dənizi və respublika ərazisində olan çayların problemləri, Dayanıqlı inkişaf və su qıtlığı və s. bölmələri əhatə edib.
Çıxış edən rəsmilər elmi konfransda müzakirə olunan mövzulardan bəhs ediblər. Mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında ətraf mühit və su resursları, su sistemləri və təbii texnogen xarakterli təhlükəli proseslərin qarşısının alınması və proqnozlaşdırılması üsulları, ekoloji dəyişikliklərin aşkar edilməsində və aqrar təsərrüfatın inkişaf etdirilməsində yeni nailiyyətlər, müasir elmi-tədqiqat üsullarının su hövzələrinin qorunmasında tətbiqi, antropogen təsir və iqlim dəyişikliyi şəraitində yerüstü və yeraltı su ehtiyatlarının keyfiyyəti, məhsuldarlığı artırmaq üçün su və suvarma idarəçiliyində islahatların aparılması, ölkə ərazisində əkinə yararlı torpaqların soranlaşmasında sudan qeyri-rasional istifadənin rolu, təbii fəlakətlər riskinin azaldılması və qarşısının alınması, qəzalar nəticəsində suyun çirklənməsinə hazırlıq və cavab tədbirlərinin işlənilməsi, iqlim və ətraf mühit üçün su: biomüxtəliflik, iqlim, davamlılıq və fəlakət riskinin azaldılması, kənd təsərrüfatında təmizlənmiş şəhər tullantı sularının təhlükəsiz istifadəsi və s. mövzular istiqamətində müxtəlif məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.
İnstitutun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri b.ü.f.d., dosent Təmraz Təmrazov konfransın plenar hissəsində “Torpaqda suyun nizamlanmasında əkin dövriyyəsinin rolu və perspektivləri” mövzusunda təqdimatla çıxış edib. O, qeyd olunan mövzuda ətraflı şəkildə əkinçilikdə müasir texnologiyaların tətbiqi nəticəsində müxtəlif məsələlərin həll olunmasından, torpaqda suyun nizamlanmasında əkin dövriyyəsinin rolu, onlara təsir edən amillər, bitkilərin və kənd təsərrüfatı məhsullarının istehsalında suvarma üsullarına əsas tələblər, əkin dövriyyəsinin kənd təsərrüfatı istehsal sisteminin iqlimə davamlılığını artırması və mövcud fasiləsiz əkin metodologiyasının çatışmazlıqlarının səmərəli şəkildə həll edilməsi, suvarma üsulunun düzgün seçilməsi suvarma sisteminin layihələndirilməsini və maya dəyərini, suvarma səmərəliliyini, o cümlədən suvarmada əmək məhsuldarlığını, suvarılan ərazinin meliorativ vəziyyətini, bitkinin məhsuldarlığı, əkinçilikdə suvarma üsulunu seçərkən əsas amillərin nəzərə alınması, müxtəlif bölgələrdə uzunmüddətli tarla təcrübəsinə əsaslanaraq müxtəlif əkin sistemlərində bitkilərin məhsuldarlığına əkin dövriyyəsinin təsiri, bundan əlavə, əkin dövriyyəsinin alaq otlarına, bitki patogenlərinə və zərərverici həşəratlara təsiri, uzunmüddətli torpaq quraqlığı, torpaqda su çatışmazlığı torpağın sağlamlığına və məhsuldarlığına ciddi təsiri, əkin dövriyyəsinin əkin sisteminin çətinliklərini azaltması haqqında ətraflı məlumat verib. O, hazırda bu istiqamətdə mövcud problemlərlə bağlı müasir tədqiqatlara söykənən müxtəlif təklifləri irəli sürüb. Məruzəçi T.Təmrazova plenar iclasın sonunda fəxri fərmanla təltif edilib.
Respublika elmi-praktik konfrans öz işini nəzərdə tutulan 4 bölmə iclası və onlayn formatda davam etdirib.