Xəbərlər

İnstitutun əməkdaşı Rusiyanın Voronej şəhərində keçirilən beynəlxalq konfransda iştirak etdi

Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini b.ü.f.d., dosent Nizami Qulu oğlu Hümmətov 14-17 may 2018-ci il tarixlərində Rusiya Federasiyasının Voronej şəhərində Voronej Dövlət Universitetinin təşkilatçılığı ilə “Müasir landşaft-ekoloji vəziyyət və regionların təbii mühitinin optimallaşdırılması problemləri” mövzusunda Fyodor Nikolayeviç Milkovun anadan olmasının və Voronej Dövlət Universitetinin 100-cü ildönümünə həsr edilmiş XIII Beynəlxalq landşaft konfransında iştirak etdi. Konfransda Rusiya, Belarus, Ukrayna, Azərbaycan,  Qazaxıstan, Özbəkistan, Gürcüstan və Litvadan 160-dan çox nümayəndə iştirak edirdi. Konfransın nəşr olunmuş 2 hissəli məcmuəsinə 427 elmi məqalə daxil olmuşdur. Plenar və 8 landşaft-ekoloji istiqaməti özündə birləşdirən bölmə iclaslarında landşaftşünaslığın nəzəri əsasları və metodologiyası; landşaftların nəzəri və tətbiqi məsələlərinin tədqiqində müasir metodlardan istifadə; regionların landşaft strukturu, landşaft-ekoloji vəziyyəti və səmərəli istifadəsi; landşaftların biocoğrafiyası və biomüxtəlifliyi; landşaftların qorunması, optimallaşdırılması və xüsusi mühafizə olunan təbii ərazi sistemlərinin inkişaf etdirilməsi; landşaftların iyerarxiyası, modelləşdirilməsi və CİS əsasında xəritələşdirilməsi, landşaftların məkan və zaman çərçivəsində transformasiyası; landşaftların estetik baxımdan qiymətləndirilməsi; torpaq örtüyünün sistemli landşaft-ekoloji monitorinqi; əkinçiliyin adaptiv-landşaft sistemi əsasında planlaşdırılması; deqradasiyaya uğramış aqro- və urbolandşaftların bərpası və mühitqoruyucu becərmə texnologiyalarından istifadə; landşaftların ekoloji rayonlaşdırılması, balanslaşdırılması və heyvandarlığın yem bazasının təmin edilməsi və digər məsələlərə həsr olunmuş 150-dən çox məruzə dinlənildi. Nizami Hümmətovun dəmyə (Cəlilabad) və suvarma (Tərtər) şəraitində aqrolandşaft miqyasında əkinaltı açıq-şabalıdı torpaqların münbitliyinin aqrofiziki göstəricilərinin məkan dəyişməsinin riyazi-statistik metodlarla etibarlı qiymətləndirilməsinə həsr edilmiş “Azərbaycanın dəmyə və suvarma şəraitində torpaqların aqrofiziki xassələrinin dəyişməsinin müqayisəli ststistik qiymətləndirilməsi” mövzusunda məruzəsi maraqla qarşılandı və geniş müzakirəyə səbəb oldu. Müzakirə zamanı müvafiq şəraitlər üçün alınmış aqrofiziki nəticələrin adaptiv-landşaf əkinçilik planlaşdırılmasında və regional səviyyədə torpaqların aqrofiziki vəziyyət kartoqramlarının tərtib edilməsində istifadəsi xüsusilə vurğulandı.   

 

 

    

 

© 2020 Əkinçilik ETİ