Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında təlim- seminar keçirildi

30 may 2018-ci il tarixində Əkinçilik  Elmi-Tədqiqat İnstitunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında “Ərzaq paxlalılarının (noxud, mərci) yeni rayonlaşmış və perspektivli yüksək məhsuldar sortlarının dəmyə şəraitində üstünlüklərinin nümayişi” mövzusunda təlim-seminar keçirildi. Seminarda yerli torpaq sahibkarları, fermerlər, özəl toxumçüluq təsərrüfatlarının nümayəndələri və Cəlilabad kənd təsərrüfatı idarəsinin mütəxəssisləri iştirak edirdilər. Seminarı Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini  Nizami Hümmətov açdı. N.Hümmətov seminar iştirakçılarını  salamlayaraq İnstitutda on illərin ağır zəhməti hesabına yaradılmış yeni noxud və mərcimək sortları haqqında qısa məlumat verdi və onların əhalinin qida rasionunda mühüm yer tutduğunu vurğuladı. Sonra çıxış üçün söz Əkinçilik ET İnstitutunun ərzaq paxlalıları proqramının rəhbəri Rəşadət Əmirova verildi.  R.Əmirov “Azərbaycan Respublikasında yüksək və keyfiyyətli ərzaq paxlalıları istehsalı sahəsində mövcud vəziyyət” mövzusunda çıxış edərək bu sahədə Respublikada hazırki vəziyyət haqqında məlumat verdi, istehsal olunan noxud və mərciməyin əhalinin tələbatını ödəmədiyini qeyd etdi və bu istiqamətdə irəliləyişə nail olmağın yollarından danışdı. Bitki fiziologiyası və biotexnologiya şöbəsinin aparıcı elmi işçisi Rüfət Mirzəyev “Əkinçilik ET İnstitutunun rayonlaşmış və perspektivli noxud və mərci sortlarının üstünlükləri haqqında” mövzusu ilə çıxış edərək tarla şəraitində onların üstünlüklərini nümayiş etdirdi, səpin norması və müddətləri haqqında məlumat verdi. Sonra Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru Hüseynağa Feyzullayevə söz verildi. H.Feyzullayev ərzaq paxlalılarının qiymətli sələf olduğuna və onların becərmə texnologiyasına dair məlumatları “Qiymətli sələf bitkisi olaraq ərzaq paxlalılarının becərilməsi xüsusiyyətləri” adlı çıxışında qeyd etdi. Sonra cıxış ücün söz Əkinçilik ET İnstitutunun Torpaq və bitki analizləri laboratoriyasının müdiri İmralı Hacıməmmədova verildi.  İ.Hacıməmmədov “Azərbaycan Respublikasının ərzaq paxlalıları əkilən bölgələrində torpaqların ümumi aqrokimyəvi göstəricilərinə əsaslanaraq gübrə normalarının müəyyənləşdirilməsi” mövzusunda çıxış edərək paxlalı bitkilərin gübrələnməsi qaydalarından, gübrələrin norma və nisbətlərindən danışdı. Çıxışlar ətrafında müzakirələr aparıldı və iştirakçıları maraqlandıran suallar müvafiq qaydada cavablandırıldı. Sonra seminar iştirakçılarından Cəlilabad “Zəhmət” KFT-nin rəhbəri Etibar Hüseynov, Cəlilabad “Germi” özəl toxumçuluq təsərrüfatının rəhbəri Lətif Ağayev, fermer Xasay Feyziyev və başqaları çıxış edərək Əkinçilik ET İnstitutunun təşkilatçılığı ilə keçirilən tarla təlim-seminarını yüksək qiymətləndirdilər və belə seminarların fermerlər üçün zəruri olduğunu qeyd etdilər. Sonra seminar iştirakçıları Əkinçilk ET İnstitutunun Cəlilabad BTS-də yaradılmış taxıl sortlarının seleksiya əkinlərinə də baxış keçirdi; sortlar haqqında iştirakçılara ətraflı məlumatlar verildi və bununla da seminar öz işini başa çatdırdı.

© 2020 Əkinçilik ETİ