Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Sabirabad rayonunun “EL-GÜN” MMC fermer təsərrüfatında elmi-praktiki seminar keçirildi

16 iyun 2018-ci il tarixində Əkinçilik ET İnstitutunun təşkilatçılığı ilə Sabirabad rayonunun “EL-GÜN” MMC fermer təsərrüfatında “Aran bölgəsində Əkinçilik ET İnstitutunun rayonlaşmış və perspektivli buğda və arpa sortlarının nümayişi və toxumçuluğun elmi əsaslarla təşkili” mövzusunda elmi-praktiki seminarı keçirildi. Seminarda Əkinçilik ET İnstitutunun alim və mütəxəssisləri ilə yanaşı Sabirabad, Saatlı rayonlarından yerli torpaq sahibkarları, toxumçu-fermerlər, Sabirabad rayon Kənd təsərrüfatı idarəsinin rəisi və mütəxəssisləri, bölgənin ətraf rayonlarından 30-dan çox fermerlər iştirak etdi. Seminarı Əkinçilik ET İnstitutunun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov açdı. N.Hümmətov seminar iştirakçılarını salamlayaraq keçirilən seminarın əhəmiyyətindən, ölkə əhalisinin ərzaq təminatında yerli taxıl, xüsusən buğda sortlarının rolundan, “torpaq-toxum-qidalanma-aqrotexnika-məhsul” qarşılıqlı əlaqəli proseslərdə aqro-əməlliyyatların innovativ üsullarla düzgün aparılmasından bəhs etdi və taxılçılığın inkişafına Dövlət dəstəyi və qayğısı ilə əlaqədar olaraq aqrar sahədə çalışan alim və fermerlər qarşısında təxirəsalınmaz mühüm vəzifələrin qoyulduğunu vurğuladı. Sonra çıxış üçün söz Sabirabad rayon Kənd təsərrüfatı idarəsinin rəisi Heydər Yaqubova verildi. H.Yaqubov “Sabirabad rayonunda yerli taxıl sortlarının inkişaf etdirilməsi və taxılçılığın inkişafına Dövlət dəstəyi” mövzusunda çıxış edərək rayonda bu sahədə görülən işlərdən, yerli taxıl sortlarının inkişaf perspektivlərindən, respublikanın ümumi taxıl istehsalında rayon  taxılçı-fermerlərin rolundan və qarşısında duran vəzifələrdən və sair məsələlərdən  bəhs etdi. Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov “Yeni yaradılmış taxıl sortlarının üstünlükləri və toxumçuluğun inkişaf perspektivləri” mövzusunda çıxış edərək Əkinçilik ET İnstitutunda yaradılmış yeni rayonlaşmış və perspektivli taxıl sortlarının torpaq-ekoloji şəraitinə adaptiv xüsusiyyətləri, üstünlükləri və toxumçuluğunun inkişaf perspektivlərinə dair geniş elmi əsaslandırılmış məlumat verdi. Sonra çıxış üçün söz Əkinçilik ET İnstitutun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin aparıcı elmi işçisi Sevindik Dünyamalıyevə verildi. S.Dünyamalıyev “Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən gübrə normalarının tətbiqi” mövzusunda çıxış edərək taxıl bitkilərinin yüksək məhsuldarlığını təmin edən gübrələmə sistemindən, gübrələrin verilmə vaxtı, norması və nisbətləriindən danışdı.  Əkinçilik ET İnstitutunun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin böyük elmi işçisi Qabil Kazımov “Taxıl sortlarının innovativ becərmə texnologiyasının işlənməsi və fermer təsərrüfatlarında tətbiqi” mövzusunda çıxış edərək mütərəqqi becərmə texnologiyası və əkin dövriyyəsi məsələlərinə toxundu. Sonra çıxış üçün söz “EL-GÜN” MMC-nin təsisçisi Bəydabə Vəliyevə verildi.  B.Vəliyev “Yerli taxıl sortlarının yayılmasında və artırılmasında fermerlərin rolu” mövzularında çıxış edərək müqayisə baxımından nəticələrin göz qabağında olduğunu qeyd etdi və fermerləri yerli taxıl sortlarına üstünlük verilməyə çağırdı. Çıxışlar ətrafında müzakirələr aparıldı və iştirakçıları maraqlandıran suallar müvafiq qaydada cavablandırıldı. Sonra seminar iştirakçılarından Sabirabad “Bəhruz” KFT-nin rəhbəri Yaqub Yaqubov, fermerlər Yavər Abbasov (Sabirabad), Ələsgər Əhmədov (Saatlı) və başqaları çıxış edərək Əkinçilik ET İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarı yüksək qiymətləndirdilər və onun fermerlər üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər. Sonra seminar iştirakçıları “EL-GÜN” MMC fermer təsərrüfatında Əkinçilik ET İnstitutunun əməkdaşları tərəfindən yerli taxıl sortları ilə qoyulmuş nümayiş əkinlərinə baxış keçirdilər. Sortlar haqqında iştirakçılara ətraflı məlumat verildi və bununla da seminar öz işini başa çatdırdı.

 

© 2020 Əkinçilik ETİ