Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak etdi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının əməkdaşı Həmid Nurəddin oğlu Həmidov 24-29 iyun 2018-ci il tarixdə Türkiyədə “Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram” (İWWİP) çərçivəsində keçirilən səyyar seminarda iştirak etmişdir. Tədbirin məqsədi Benəlxalq əməkdaşlıq çərçivəsində tədbirdə iştirak edən və müxtəlif təşkilatları təmsil edən nümayəndələrin İWWİP proqramının fəaliyyəti ilə tanış olmaq, rüşeym plazmasının seçilməsində və birgə qiymətləndirilməsində iştirak etmək və təcrübə mübadiləsinin həyata keçirilməsi olmuşdur. Seminarın işində Azərbaycanla yanaşı, İran, Əfqanıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Rusiya Federasiyası, İspaniya, və Türkiyəni təmsil edən 50 nəfər nümayəndə iştirak edirdi. Seminarın birinci günü Ankarada CİMMYT ofisində tanışlıq mərasimi keçirildi. Həmin gün Ankaradan 40 km məsafədə yerləşən Haymanada Mərkəzi Bitkiçilik ET İnstitutunun təcrübə stansiyasında buğda bitkisinin sarı pasa davamlılığına dair sahə təcrübələrinə baxış keçirildi və qiymətləndirilmələrdə iştirak edildi. Seminarın ikinci günü Əskişəhərdə Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunda sahə təcrübələrinə baxış keçirildi və İWWİP proqramı üzrə görülən işlər haqqında məlumatlar verildi. Seminarın üçüncü və dördüncü günü Konya şəhərində Bəhri Dağdaş Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunda əvvəlcə buğda bitkisinin seleksiyasında fizioloji parametrlərin öyrənilməsinə və onların təcrübi üsullarına dair təqdimatlar oldu və təcrübə sahələrində müxtəlif cihazlarla xlorofilin, bitki örtüyü temperaturunun, bitkilərin assimilyasiya səthi sahələrinin ölçülməsi, quru biokütlənin vegetasiya ərzində toplanması dinamikasının öyrənilməsi nümayiş etdirildi və xarici mütəxəssislər tərəfindən bu sahədə nəzəri və praktiki bilgilər verildi. Həmçinin quraqlığa və istiliyə davamlı buğda sortlarının yaradılmasında seleksiya işlərinə dair təqdimatlar da oldu. Seminarın yekunu olaraq tədbir iştirakçılarına beynəlxalq sertifikat təqdim edildi.

© 2020 Əkinçilik ETİ