Xəbərlər

Əkinçilik ET İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasında Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş təlim-seminarı keçirildi

28 iyul 2018-ci il tarixində Əkinçilik ET İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasında Akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Cərgəarası becərilən bitkilərin (tütün və qarğıdalı) əkinlərində yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyasının əsasları” mövzusunda təlim-seminarı keçirildi. Seminarda Əkinçilik ET İnstitutunun alim və mütəxəssisləri ilə yanaşı bölgənin ətraf rayonlarının fermerləri də iştirak edirdilər.

Təlim seminarı giriş sözü ilə açan Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov görkəmli akademik C.Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra natiq öz çıxışında bu il 90 illiyini qeyd etdiyimiz görkəmli alim, ömrünün 60 ilini müqəddəs nemətimiz olan buğdanın tədqiqatlarına həsr etmiş, akademik Cəlal Əliyevin həyat və yaradıcılığı, yaratdığı sortlar və məktəb haqqında, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından kənd təsərrüfatının ölkə iqtisadiyyatında əsas strateji sahələrdən biri olduğunu, “Azərbaycan Respublikasında  tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqram”ında təsbit olunan tədbirlər planında institut qarşısında duran vəzifələr, Kənd Təsərrüfatı Tədqiqatları Sistemində əldə edilən elmi nəticələrin, innovativ fəaliyyətlərin dolayısı ilə ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı şəkildə təmin olunmasına müsbət təsiri, təkrar əkinlərdə qarğıdalı bitkisinin əhəmiyyəti və digər zəruri məsələlərə ətraflı toxundu. Zaqatala Bölgə Təcrübə Stansiyasının direktoru Nəbi Kərimov seminar iştirakçlarını salamladı və keçirilən seminarın fermerlərin maarifləndirilməsində, stansiyada qarğıdalı və tütün bitkilərinin seleksiyası, toxumçuluğu ilə aparılan tədqiqat işləri, stansiyanın “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsal və emalına dair Strateji Yol Xəritəsi”ndə təsbit edilmiş strateji hədəflərə uyğun qarşıda duran vəzifələr haqqında qeyd etdi.

Təlim seminarında Əkinçilik ET İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi Bəhlul Abbasov “Yeni rayonlaşmış və perspektivli tütün sortlarının nümayişi və toxumçuluğunun elmi əsaslarla təşkili”, qarğıdalı proqramının rəhbəri Sevindik Dünyamalıyev “Qarğıdalı bitkisindən yüksək məhsul alınmasını təmin edən əsas texnoloji amillər və toxumçuluğunun təşkili”, "Torpaq və bitki analizləri" laboratoriyasının müdiri İmrəli Hacıməmmədov “Tütün və qarğıdalı bitkilərinin becərilməsində üzvi və mineral gübrə normalarının müəyyənləşdirilməsinin iqtisadi əhəmiyyəti”, "Davamlı əkinçilik və bitki diversifikasiyası" şöbəsinin böyük elmi işçisi Qabil Kazımov “Tütündən yüksək keyfiyyətli məhsul alınmasını təmin edən mütərəqqi becərmə üsullarının tətbiqi” mövzularında təqdimatla çıxış etdilər. Təlim-seminar öz işini Əkinçilik ET İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasında qarğıdalı və tütün bitkiləri ilə qoyulmuş tarla təcrübələrində davam etdirdi.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr keçirildi və fermerlərin sualları ətraflı cavablandırıldı.

 

© 2020 Əkinçilik ETİ