Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı Çin Xalq Respublikasında keçirilən seminarda iştirak etdi

8-28 avqust 2018-ci tarixində İnstitutumuzun  “Bitki seleksiyası” şöbəsinin elmi işçisi Məmmədova Həlimə Çin Xalq Respublikasında “İnkişaf etməkdə olan ölkələrdə hibrid qarğıdalı” mövzusunda keçirilən seminarda iştirak etmişdir. Seminarda Çin respublikasının və  kənd təsərrüfatının inkişafı haqda geniş məlumatlar verilmişdir. O cümlədən Çin Xalq Respublikasında qarğıdalı istehsalı və hibrid qarğıdalının inkişaf  tarixi haqda respublikanın aparıcı elmi müəssisələrinin professor heyyəti tərəfindən mühazirələr oxundu. Mühazirələr əsnasında hibrid qarğıdalının inkişafı, yüksək məhsuldarlığın fenotipik göstəriciləri, gübrələrin təsiri, xəstəlik və zərərvericilərlə mexaniki və kimyəvi mübarizə üsulları, ənənəvi və yeni seleksiya metodları, germplasm innovasiyaları, heterozis halını istifadə edərək müasir qarğıdalı hibridlərinin alınma metodları, erkək çiçəklərin sterilliyindən istifadə, haploidlərin alınma metodları, xəstəlik və zərərvericilərə qarşı dayanıqlı hibridlərin molekulyar seleksiya yolu ilə alınma  metodları, Doble haploid metodikası, qarğıdalıya aqrotexniki qulluq, yığım, qurutma və saxlanma metodları haqda geniş məlumatlar verildi. Ölkədə qarğıdalı sahələrinə inteqrasiya edilmiş yeni texnologiyalar və metodlar haqda geniş müzakirələr aparıldı.  Təsərrüfatlarda qarğıdalının başqa bitkilərlə növbəli və müştərək əkinlər,  sıfır becərmə texnologiyasının geniş istifadə edilməsi haqda məlumatlar maraq doğurdu. Dünya ölkələri ilə müqaisələrin aparılması üçün seminarda iştirak edən 11 ölkədən olan 46 iştirakçı və professorlar arasında geniş elmi müzakirələr aparıldı.  Elmi inkişaf və tərəqqi ilə bərabər Çində çay mədəniyyəti, kaliqrafiya və müxtəlif əyalətlərin iqtisadi inkişafı haqda da məlumatlar verildi.

Seminar çərçivəsində müxtəlif mədəni istirahət günləri də təşkil olunmuşdu.  Bu günlərdə Zang zang Zi şəhərinə səyahət təşkil olundu. İştirakçılar bu səyahətdə  kinoteatra, açıq havada musiqili milli teatra, çay fabriki və muzeyinə,  müxtəlif təbiət güşələrinə: Avatar dağına, şəlalə və gölə  ekskursiyalar etdilər. Bu mədəni istirahət əsnasında Çinin mədəniyyəti və gözəl təbiəti ilə yaxından tanış olmaq şansı əldə edildi.

Seminar zamanı iştirakçılar Çin Xalq Respublikasında “Düyünün Atası” adlandırılan  görkəmli alim,  professor  Yuan Longpinqlə tanış olmaq şərəfinə nail oldular. Dünya şöhrətli alim, gənc alimlərə elm yolunda müvəffəqiyyətlər arzu edərək bu gün dünyadakı qida təhlükəsizliyinin vacibliyini nəzərə alaraq  elmi tədqiqatlarda bu məsələyə geniş yer verilməsinin vacibliyini vurğuladı.

Sonda iştirakçılara seminarda fəal iştiraka  görə sertifikatlar və xatirə hədiyyələri təqdim olundu, xatirə şəkilləri çəkdirildi.

© 2020 Əkinçilik ETİ