Xəbərlər

Salyan rayonunda kənd təsərrüfatında ozonlaşma texnologiyasının tətbiqinin elmi əsaslarına həsr edilmiş seminar keçirildi

Cari ilin 15 sentyabr tarixində Milli Aviasiya Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində “Azərbaycanda ozonlaşdırma ilə perspektiv texnologiyaların aviasiyada, təbabətdə, kənd təsərrüfatında tətbiqinin əsasları” mövzusunda elmi praktiki seminar keçirildi. Seminarda Milli Aviasiya Akademiyasını, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzini, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunu, Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi-tədqiqat institutlarını, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərini, FHN-nin Dövlət Taxıl Fondunu, “Azərsun” MMC-ni, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyini təmsil edən nümayəndələr, o cümlədən Salyan və bölgənin pambıqçılıqla məşğul olan rayonların fermerləri iştirak edirdilər. Seminarı giriş sözü ilə açan Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktoru Vüqar Babayev seminarın əhəmiyyətindən, mərkəzin və onun struktur tabeliyində fəaliyyət göstərən Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin və elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələr, alim fermer münasibətləri, innovativ texnologiyaların məhsul istehsalının artırılmasındakı rolu haqqında məsələlərə ətraflı olaraq toxundu. Sonra sözü Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova verdi. O, seminarın işinə uğurlar arzuladı və Salyan rayonunun ölkənin kənd təsərrüfatı məhsullarının istehsalındakı rolu, qarşıda duran vəzifələr, hazırkı dövrdə pambıq əkinlərinin vəziyyəti, burada tətbiq edilən ozonlaşma texnologiyası haqqında geniş məlumat verdi.

Seminarın proqramına uyğun olaraq AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərovun “Kənd təsərrüfatında və Milli genbankda ekoloji təhlükəsiz ozonlaşdırma texnologiyalarının tətbiqinin səmərəliliyi”, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariyel Atamalıyevin “Salyan rayonu pambıq əkinlərində intensiv texnologiyaların tətbiqinin perspektivləri”, Milli Aviasiya Akademiyasının ET Aviakosmik Problemlər İnstitutunun konstruktor rəisi, professor Telman Nizamovun “Azərbaycanda ilk dəfə MAA-da işlənmiş ozonlaşdırma əsaslı cihazqayırmanın sənaye nümunələrinin aviasiyada, təbabətdə, kənd təsərrüfatında istifadəsi”, FHN-nin Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədovun “Perspektiv texnologiyaları çörəkbişirmə və qənnadı məqsədli yerli taxıl istehsalında vacibliyi”, Bitki Mühafizəsi və Texniki Bitkilər İnstitutunun şöbə müdiri Ələddin Tağıyevin “Müxtəlif pambıq sortları toxumlarının ozonlaşdırma texnologiyaları ilə işlənilməsinin təsərrüfat qiymətli əlamətlərə təsiri” və sair mövzularda çıxışlar da oldu.

Seminarda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai “Dən istehsalında ozonlaşdırma texnologiyalarının tətbiqinin perspektivliyi” mövzusunda çıxış etdi. O, çıxışında MAA ilə birgə 2014-cü ildə başlayaraq aparılan birgə tədqiqatlar, əldə olunan nəticələr haqqında ətraflı məlumat verdi. Həmçinin bu tədbirdə Əkinçilik ET İnstitutunu dənin keyfiyyəti laboratoriyasının aparıcı elmi işçisi Sevinc Məmmədova, Şəki Dayaq Məntəqəsinin direktoru Məjlum Şükürov, Tərtər BTS-in direktoru Həqiqət Həşimova da təmsil edirdi.

Seminarın gedişində mövzu ətrafında müzakirələr keçirildi və pambıq nümayiş əkinlərinə baxış keçirildi.

© 2020 Əkinçilik ETİ