Xəbərlər

Akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr edilmiş gənc alim və tələbələrin konfransı keçirildi

Cari ilin 31 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik ET İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə akademik Cəlal Əlirza oğlu Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağrışlar” mövzusunda gənc alim və tələbələrin konfransı keçirildi. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyini, Azərbaycan Milli Elmlər Akademiyasını və eləcə də ayrı-ayrı strukturları təmsil edən 25-ə qədər elmi-tədqiqat institutlarında çalışan 200-dən artıq gənc alim və tədqiqatçısı iştirak edirdi. Tədbir ölkə Prezidenti cənab İlham Əliyevin “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 22 may 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyində təsdiqlənmiş tədbirlər planına uyğun keçirilmişdir.

Konfransı giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov akademik Cəlal Əliyevin zəngin elmi irsi, Azərbaycan və dünya elminə verdiyi töhfələr, elmi uzaqgörənliyi, yaratdığı elmi məktəb, elm əsaslar üzərində hazırladığı kompleks seleksiya proqramlarının nəticələri, ictimai fəaliyyəti və sair haqqında qeyd etdi və konfransın işinə uğurlar arzuladı. Sonra sözü Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti xanım İradə Hüseynovaya verdi. O, akademik Cəlal Əliyevin ömrünün 60 ildən artıq bir dövrünü Azərbaycanda fotosintez tədqiqatlarına həsr edən yeganə alim olduğunu, kənd təsərrüfatı bitkilərində, xüsusən də buğdada məhsuldarlığın fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarının işlənib hazırlanmasındakı rolun, ölkədə biologiyanın yeni müasir istiqamətlərinin-molekulyar biologiyanın, molekulyar genetikanın, gen və hüceyrə biotexnologiyasının, bioinformatikanın və sair sahələrinin əsasının qoyması, konfransın keçirilməsinin məqsədi haqqında ətraflı məlumat verdi. Kənd Təsərrüfatı Nazirliyinin məsul nümayəndəsi Vüqar Babayev akademik Cəlal Əliyevin biologiya və aqrar elmlər sahəsində əldə etdiyi elmi nailiyyətlərdən, konfransın əhəmiyyətindən, cari ilin 27 sentyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında bağlanılmış “Niyyət Sazişi”in əhəmiyyətindən və qarşıda duran vəzifələr haqqında danışdı.

Digər çıxış edənlər, Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai, Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə, elmlər doktoru Tofiq Allahverdiyev və digərləri öz çıxışlarında  akademik Cəlal Əliyevin elmi irsinin gənc nəsillər üçün bir örnək olması, konfransın gənc alim və tədqiqatçıların əldə etdikləri elmi nəticələrin elmi ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətindən, elmi informasiyaların mübadiləsindəki rolu və sair haqqında qeyd etdilər.

Konfransın plenar iclas hissəsində və digər gənc tədqiqatçıların, Samirə Rüstəmova, Orxan İsayev, Ulduza Qurbanova, Əsmər Əhmədova müasir biologiya və aqrar elmlərin prioritet istiqamətlərində apardıqları elmi araşdırmalarına dair təqdimatları oldu.

Konfrans öz işini 9 bölmədə davam etdirdi, ekspertlər tərəfindən gənc tədqiqatçıların təqdim etdikləri posterlər qiymətləndirildi. Bölmələrdə ən yaxşı və məzmunlu təqdimata, posterə görə 10 gənc tədqiqatçı mükafatlandırıldı. Bütün konfrans iştirakçılarına sertifikatlar təqdim edildi.

© 2020 Əkinçilik ETİ