Xəbərlər

Əkinçilik ET İnstitutunda 20 yanvar faciəsinə həsr edilmiş anım tədbiri keçirildi

18 yanvar 2019-cu il tarixində Kənd Təsərrüfatı Nazirliyinin  Əkinçilik Elmi-Təqiqat İnstitutunda  "Qanlı 20 Yanvar" faciəsinə həsr edilmiş anım tədbiri keçiriildi.Anım  tədbiri 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar faciəsi” kimi daxil olduğunu qeyd etmiş və sovet dövlətinin hərb siyasətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qətilamı Azərbaycan xalqının tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu vurğulamışdır. Eyni zamanda o qeyd etmişdir ki,bu faciə zamanı Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlakı məhv edilmişdir. 20 Yanvar hadisəsi nəticəsində SSRİ Konstitutsiyası və Azərbaycan SSR Konstitutsiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suverenliyinə zərbə endirilmişdir. Qabaqcadan hazırlanmış bu təcavüzkarlıq aksiyasının Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq və xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıdığını qeyd etmişdir. Bununla belə, Qanlı 20 yanvar  müstəqilliyimizə gedən yolda xalqımızın şərəf və qəhramanlıq salnaməsi olduğunu bildirdi. İnstitutun Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri Məzahir Rzayev və Bitki fiziologiyası və biotexnologiya şöbəsinin müdiri Tofiq Allahverdiyev və başqa əməkdaşlar 20 Yanvar faciəsinin şahidi kimi tədbirdə çıxış edərək, bu faciənin xalqımızin tarixində dərin izlər buraxdığını qeyd etmişlər. Onlar faciə bağlı öz təəssüratlarını bölüşdülər. Tədbirin bədii hissəsində institutun gəncləri Həsənova Əsmər, Feyzullayeva Fəridə və institutun elmi işçisi Rəhminə Zamanova, 188 saylı məktəbin 2-ci sinif şagirdi Hüseyn Əlisoy 20 yanvar faciəsinə həsr olunmuş xüsusi proqramlarla çıxış etdilər. Tədbirin sonunda “Qanlı 20 Yanvar ” faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbir “Azad Azərbaycan” televiziya kanalında işıqlandırıldı.

 

 

 

 

© 2020 Əkinçilik ETİ