Xəbərlər

Əkinçilik ET İnstitutunun direktoru Türkiyə Respublikasında keçirilən Payızlıq Buğdanın Yaxşılaşdırılmasına həsr edilmiş illik toplantıda iştirak etdi

Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai cari ilin 21-24 yanvar tarixlərində təsisçiləri Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi, CİMMYT və İCARDA olan “Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqramı”nın (İWWİP) illik toplantısında iştirak etdi. Toplantı Türkiyə Respublikasının Şanlıurfa şəhərində Güney Anadolu Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunda keçirildi. Proqramın əsas məqsədi Mərkəzi və Qərbi Asiya regionu üçün payızlıq və fakultativ buğdanın genetik materiallarını yaxşılaşdırmaq və inkişaf etdirməkdir. Həmçinin bu proqram müstəqil şəkildə dünyadakı seleksiya proqramları ilə buğdanın genetik materiallarının mübadiləsində də yaxından iştirak edir. Əkinçilik ET İnstitutu 20 ildən artıqdır ki, İWWİP proqramı çərçivəsində buğdanın seleksiyası istiqamətində müştərək tədqiqatlarını davam etdirir. Bu ilki hesabat toplantısı da İWWİP proqramı çərçivəsində ayrı-ayrı ölkələrdə 2018-ci ildə aparılmış seleksiya işlərinə və əldə edilmiş nəticələrə həsr edilmişdir. Toplantıda Azərbaycan, Qazaxıstan, Tacikistan və Türkiyənin 20-dən artıq tədqiqat müəssisəsini təmsil edən 58 buğda tədqiqatçısı iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı və Siyasətlər Baş İdarəsinin (TAGEM) “Tarla bitkiləri” şöbəsinin rəhbəri Həsən Gezginç tədbirin keçirilməsinin əhəmiyyətinə, İWWİP proqramının Mərkəzi və Qərbi Asiya regionuna uyğun payızlıq və fakultativ buğdaların seleksiyası üçün Türkiyənin fərqli aqro-ekoloji şəraitlərindən faydalanmasına, suvarma və quraq dəmyə bölgələr üçün genetik materialların yaradılmasındakı roluna toxundu. Tədbirin proqramına uyğun olaraq Bəhri Dağdaş Uluslar Arası Tarımsal Araşdırma İnstitutunun direktoru, İWWİP proqramının Türkiyə üzrə əlaqələndiricisi Fatih Özdemir, İWWİP-nin CİMMYT üzrə əlaqələndiricisi Aleksey Morqunov, İWWİP-nin İCARDA üzrə əlaqələndiricisi Mesut Keser öz çıxışlarında proqramın əhəmiyyətinə, institutların 2018-ci ildə əldə etdikləri nəticələrə, beynəlxalq pitomniklərin sortların yaradılmasındakı roluna, beynəlxalq əməkdaşlığın güclənməsinə, 2019-cu il üçün tədqiqat istiqamətlərinə və qarşıda duran vəzifələrə ətraflı toxundular. Sonra hər bir tədqiqat müəssisəsinin İWWİP proqramı çərçivəsində 2018-ci ildə aparılmış tədqiqat işləri və əldə edilmiş elmi nəticələr haqqında ölkə təqdimatları oldu. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlainin “İWWİP proqramı çərçivəsində 2017-2018-ci vegetasiya ilində Azərbaycanda aparılmış seleksiya işlərinin nəticələri”nə dair təqdimatı oldu. O, çıxışında Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların strukturuna, ölkədə son beş ildə buğdanın əkin sahəsi və təsərrüfat göstəriciləri, mövcud problemlər, aparılan tədqiqatların məqsədi və prioritetləri, 1995-ci ildən başlayaraq Əkinçilik İnstitutu tərəfindən beynəlxalq mərkəzlərdən introduksiya olunan dənli bitkilərin rüşeym plazması, rayonlaşmış və sınağa təqdim edilmiş müştərək buğda sortları, respublikanın suvarma və dəmyə bölgələrində İWWİP proqramı çərçivəsində aparılan tədqiqatlar nəticəsində seçilmiş perspektiv xətlərin biometrik göstəriciləri, keçirilmiş birgə tədbirlər haqqında ətraflı məlumat verdi. Azərbaycanda buğdanın seleksiyası sahəsində əldə edilmiş nailiyyətlər tədbir iştirakçıları tərəfindən yüksək dəyərləndirildi. Tədbirin sonunda İWWİP proqramı çərçivəsində 2019-cu ildə aparılacaq tədqiqatların və keçiriləcək tədbirlərin iş planı müzakirə edildi. Tədbirin gedişində Əkinçilik ET İnstitutunun Türkiyə Respublikasının Adanadakı Doğu Akdeniz Tarımsal Araştırma İnstitutu, Konyadakı Bahri Dağdaş Uluslar Arası Tarımsal Araştırma İnstitutu və Əskişəhərdəki Tarımsal Araştırma İnstitutu ilə birgə əməkdaşlıq haqqında müqavilələrin bağlanılması və bununla bağlı Azərbaycana səfər etmələri barədə razılığa gəlindi.

© 2020 Əkinçilik ETİ